Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclisdə minatəmizləmə fəaliyyəti ilə bağlı TƏKLİF
"Hazırkı qanun layihəsinin 1-ci maddəsinin 1.1.13-cü bəndində minatəmizləmə fəaliyyətinin həyata keçiriləcəyi bütün ərazilərə ümumi olaraq "təhlükəli ərazi" adı verilib və bundan sonra bütün maddələr üzrə minatəmizləmə fəaliyyətinin aparılacağı ərazi kimi bu maddədə qeyd olunan təsvirə istinad olunmayıb. Sözügedən maddədə qeyd olunur ki, təhlükəli ərazi partlayıcı sursatların olması ehtimal edilən ərazidir. Lakin beynəlxalq standartlarda "ehtimal edilən ərazi" kateqoriyası və anlayışı mövcud deyil. Beynəlxalq minatəmizləmə standartlarında "şübhəli təhlükəli ərazi" və "təsdiqlənmiş təhlükəli ərazi" anlayışları bir-birindən burada görüləcək işin həcminə görə hədsiz fərqləndirilir".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, şübhəli təhlükəli ərazi - mina və müharibənin digər partlayıcı qalıqlarının mövcudluğuna dair dolayı sübutlar əsasında partlayıcı sursatlarla çirklənmə ilə bağlı əsaslı şübhələrin olduğu ərazidir:
"Təsdiqlənmiş təhlükəli ərazi - partlayıcı hərbi sursatların mövcudluğunun birbaşa sübutu əsasında partlayıcı sursatlarla çirklənmənin mövcudluğu təsdiqlənmiş ərazidir. Faktiki minatəmizləmə fəaliyyəti standartlara görə təsdiqlənmiş təhlükəli ərazilərdə aparılır. Qanunun mətni belə qalarsa, minatəmizləmə fəaliyyətinin aparılacağı yer ehtimal olunan təhlükəli ərazi hesab olunacaq. Bu da görüləcək işin həcmini artırmaqla yanaşı, dövlət büdcəsinə böyük yük ola bilər. Bu, həm də spekulyasiyalara yol aça bilər, istənilən ərazi təhlükəli ehtimal edilməklə onilliklərlə prosesi uzada bilər. Nəzərə almaq lazımdır ki, buna nəzarət edəcək və qiymətləndirəcək üst qurum da mövcud deyil".
"Bundan əlavə, qanun layihəsinin 6-cı maddəsinin 1-ci bəndində "fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları informasiya sisteminə daxil edir" - qeyd olunub. Nəzərə alsaq ki, burada ərazinin ilkin qiymətləndirilməsi, qeyri-texniki tədqiqat aparılmadan, ehtimallar üzərindən ərazi barədə məlumatın sistemə daxil edilməsindən söhbət gedir. Təklif edirəm ki, 1-ci maddəyə "Şübhəli təhlükəli ərazi" və "Təsdiqlənmiş təhlükəli ərazi" anlayışları da daxil edilərək müvafiq ərazilər üzrə aparılacaq minatəmizləmə fəaliyyəti qanunun digər maddələrində də konkret fərqləndirilsin, xüsusilə 6-cı maddədə "Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti" üzrə müəyyən olunan işlər müvafiq ərazi kateqoriyaları nəzərə alınmaqla yenidən müəyyən edilsin. Həmçinin Qanun layihəsinin 1-ci maddəsinin 1.1.15-ci bəndində "zərərçəkmiş - partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar bədən xəsarəti almış və psixoloji yardıma ehtiyacı olan və ya maddi zərər dəymiş şəxs" kimi qeyd olunur. Bu bənddə minaların yalnız partladığı halda verdiyi zərər barədə qeyd olunub.
Lakin mina partlamadıqda da zərər verir. Belə ki, insanlar onun olduğu ərazidən istifadə edə bilməməklə zərərçəkmiş olurlar. Məsələn, əkin yerləri, evlərin yaxınlığı minalı vəziyyətdə olarsa, belə ərazilərdən istifadə edə bilməmək də onların sahiblərinin zərər çəkməsi deməkdir. Bu bəndə də müvafiq əlavə daxil edilə bilər. Bu anlayış da beynəlxalq standartdan kənardır. Belə ki, qeyri-texniki tədqiqat adətən torpağın qiymətləndirilməsi və onun şübhəli və ya təsdiqlənmiş təhlükəli ərazi kimi təsnif edilməsi üçün əsas başlanğıc nöqtəsidir. Burada da bizim üçün istinad beynəlxalq minatəmizləmə standartları olmalıdır. Qanun layihəsinin beynəlxalq standartlarda istifadə olunan anlayışlarla uyğunlaşdırılmasını təklif edirəm".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ