Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kiyevin Bakıdan gözləntilərinə cavab: Tarixə qısa ekskurs
Azərbaycan dövlətinin xarici siyasət kursu kifayət qədər şəffaf və ədalətli çalarlara sahibdir. Belə ki, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir, öz milli maraqları istiqamətində digər dövlət və təşkilatlarla münasibətlərini inkişaf etdirir.
Məhz bu sayədə dünyada kifayət qədər mürəkkəb bir geosiyasi vəziyyətin hökm sürdüyü məqamda Azərbaycan dövləti xarici siyasət müstəvisində uğurlarını sıralamağa və nüfuzunu artırmağa davam edir.
Ancaq bəzən haqlı reallıqlarla gözləntilər arasında müəyyən uyuşmazlıqlar yarana bilir. Məsələn Avropada davam edən Ukrayna-Rusiya savaşı fonunda rəsmi Kiyevdə yaranan gözləntilər bu qəbildəndir.
Belə ki, Ukrayna müəyyən diplomatik kanallar vasitəsilə bu gözləntilərini rəsmi Bakıya ötürür. Bu mesajlardan belə anlaşılır ki, Ukrayna tərəfi Azərbaycanın ona verdiyi dəstəyi az və ya yetərsiz hesab edir, ölkəmizin Ukrayna üçün daha çox şeylər etməli olduğu fikrini müdafiə edir.
Ancaq diplomatik kanallar vasitəsilə dilə gətirilən bu gözləntilər nə qədər ədalətli və haqlıdır, bax bu geniş müzakirə mövzusudur. Əvvəla onu qeyd edək ki, Azərbaycan müharibədən uzun illər əziyyət çəkmiş bir dövlət kimi Ukrayna xalqının yaşadığı çətinlikləri kifayət qədər düzgün qiymətləndirir və bu istiqamətdə müvafiq addımlar atır.
Ukraynaya göndərilmiş tonlarla tibbi ləvazimat və dərman vasitələri, həmçinin ölkənin sıradan çıxan enerji infrastrukturunu bərpa etmək üçün edilən yardımlar Azərbaycanın məsələyə nə dərəcədə həssas yanaşmasının bariz nümunəsidir. Üstəlik Azərbaycan bütün platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə nümayiş etdirib, elan edib. Belə olan halda Ukraynanın gözləntilərini birmənalı qarşılamaq mümkün görünmür.
Çünki Azərbaycanın hazırda Ukraynanın yaşadığı prosesləri daha ağır şəkildə yaşadığı günlərdə rəsmi Kiyevin münasibətinə nəzər salası olsaq, o zaman bu gün Azərbaycanın göstərdiyi dəstəyin Kiyevin gözləntilərini qat-qat üstələdiyini deyə bilərik. Doğrudur, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib, ancaq müxtəlif platformalarda ukraynalı diplomatların ölkəmizin əleyhinə qətnamələrin lehinə verdikləri səsləri də unutmaq ədalətli olmazdı.
Bundan əlavə Qarabağdakı müharibənin davam etdiyi uzun illər ərzində Ukrayna tərəfindən jurnalistlərin işğal altındakı torpaqlarımıza səfərləri və Azərbaycan XİN-in "qara siyahı"sına düşməsi də yaddaşlardan silinməyib. Çox uzağa getmədən separatçıların yaratdıqları süni "humanitar böhran" tamaşası zamanı ukraynalı diplomatın şərti sərhədin Ermənistanın nəzarətindəki bölgələrinə səfəri də nəzərdə saxlanmalı detal kimi ön plana çıxır.
Paralel təşkil edən faktları qarşı-qarşıya qoyduqda görürük ki, Ukraynanın hazırki gözləntiləri eyni vəziyyətdə olmuş Azərbaycana münasibətdə atdıqları addımlarla paralellik təşkil etmir. 30 ilə yaxın davam edən münaqişə zamanı Ukrayna beynəlxalq hüquqa hörmət edən bir dövlət kimi üzərinə düşəni hansı dərəcədə etmişdi, bax bu, rəsmi Kiyevin indi deyil uzun illər ərzində ətraflı düşünməli olduğu bir məqam idi. İndi isə bu suala cavab vermək və əks arqumentlərlə çıxış etmək ən yaxşı halda səmimi alınmayacaq.
Bu gün Azərbaycan dövləti müharibədən əziyyət çəkən Ukrayna xalqı üçün mümkün olan hər bir addımı atır, dəstəyini əsirgəmir. Ölkənin energetika sahəsinə, tibbi xidmət sahəsindəki çatışmazlıqların aradan qaldırmasında göstərdiyimiz yardımlar, bəlkə də, misilsizdir. Ukraynada müharibədən əziyyət çəkən uşaqlara belə sahib çıxan Azərbaycan dövləti və xalqı öz ağır günlərində Ukraynadan müvafiq addımların şahidi olmuşdumu?
Azərbaycan bu gün də öz milli və strateji maraqları çərçivəsində beynəlxalq hüquqa əsaslanan xarici siyasət yürüdür. Ancaq beynəlxalq hüquq heç də gözləntilər əsasında formalaşmır. Bu gün Azərbaycanda da Ukraynanın Qərb yardımlarından asılılığı, yaşadığı çətinliklər, ölkədə davam edən müharibənin formalaşdırdığı ehtiyaclar başa düşülür. Ancaq bütün bunlar yuxarıda bəhs etdiyimiz gözləntilərin formalaşmasına zəmin yaratmamalıdır. Azərbaycanın Rusiya ilə münasibətləri Kiyev-Moskva münasibətlərindən ayrı bir kontekstdə qiymətləndirilməlidir. Çünki başqa bir yanaşma nə ədalətli, nə də anlaşılan deyildir. Azərbaycanın Rusiya ilə münasibətləri, müxtəlif platformalarda aparılan və qurulan əməkdaşlıqlar ölkələrimizin milli maraqlarına söykənir və müstəqil dövlətlərin daxili məsələləridir.
Ukrayna tərəfinin gözləntiləri isə sanki Bakının Moskvanı düşmən elan etməli olmasına əsaslanır. Halbuki, Azərbaycan dövləti heç bir dövlətlə düşmənçilik xarakterli münasibətlər formalaşdırmaq və münaqişələrdə tərəf olmaq niyyətində deyil və bu mövqe ədalətli, düzgün mövqe sayılmalıdır.
Azərbaycan hər zaman ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını göstərib və elan edib. Ukraynaya göstərilən humanitar dəstək də kifayət qədər güclüdür.
Bundan artığını tələb etmək, gözləntiləri öhdəlik kimi qəbul edib bunu nümayiş etdirmək əsassız mövqedir və heç bir halda qəbul edilən deyildir.
Azərbaycan bu gün Ukrayna üçün humanitar sahədə əlindən gələni edir və beynəlxalq hüquqa əsaslanan mövqe tutur. Halbuki 30 ilə yaxın davam edən münaqişə zamanı bu amilləri Ukraynaya şamil etmək olardımı, bax bu, rəsmi Kiyevin düşünməli və nəticə çıxarmalı olduğu bir sualdır...
Orxan Tağıyev