Baku TV-də "Hərbi xronika" adlı süjet yayımlanıb.
Süjetdə aparıcı, müəllif və hərbi jurnalist Fərdin İsazadə Yaxın Şərqdə mövcud vəziyyətdən, yəni İsrailin Livanın cənubunda həyata keçirdiyi hərbi kampaniyadan bəhs edib.
O bildirib ki, bu, son 1 ildə İsrail tərəfindən həyata keçirilən ikinci hərbi kampaniyadır.
Ötən il HƏMAS-ın İsrailə hücumlarından sonra Təl-Əviv Qəzza bölgəsində genişmiqyaslı əməliyyatlara start verib və bir neçə məqsədə nail olub:
"Birincisi, təhlükələrin neytrallaşdırılması, yəni İsrail HƏMAS-ın raket qurğuları, tunellər və komanda mərkəzləri daxil olmaqla hərbi infrastrukturunu müəyyən dərəcədə neytrallaşdırıb. İkincisi, güc nümayişi - bölgədə fəaliyyət göstərən digər qüvvələrə İsrailin hərbi gücünü və təhdidlərə reaksiya vermək qabiliyyətini ortaya qoyub. Üçüncüsü isə liderlərin aradan qaldırılması - Qəzzada əməliyyatlar zamanı HƏMAS-ın əsas komandirlərinin və Tehranda təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə təşkilatı zəiflədib".
Jurnalist qeyd edib ki, bu gün İsrail Livanın cənubunda keçirdiyi əməliyyatı məhdud adlandırır:
"Hizbullah"ın bundan öncəki əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, təşkilat döyüşsüz təslim olmayacaq və uzunmüddətli qarşıdurmaya hazırdır. Həsən Nəsrullahın ölümü "Hizbullah"ı indiki mərhələdə yalnız zəiflədə bilər. Təbii ki, bu fakt İsrailə müvəqqəti üstünlük verir".
Əlavə olunub ki, İsrail üçün "Hizbullah" təhdidini aradan qaldırmağın, bölgədəki İran təsirini azaltmağın bir yolu var - quru əməliyyatlar zonasını Livan və Suriya ərazilərinə genişləndirmək.
"Bu, İsrailə "Hizbullah" üçün nəzərdə tutulan silah təchizatı yollarını kəsməyə və "Şiə hilalı" layihəsinin gerçəkləşməsinə əngəl olmağa şərait yarada bilər. Lakin hadisələrin bu cür inkişafı regional ölkələr və qlobal güclərin - Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Rusiya, ABŞ və digər maraqlı olan tərəflərin münaqişəyə müdaxilə etməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində, genişmiqyaslı və nəticələri bəlli olmayan regional müharibə deməkdir", - deyə jurnalist vurğulayıb.
Ətraflı süjetdə:
Baku TV-də "Hərbi xronika" adlı süjet yayımlanıb.