Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran "Hizbullah"ı satıb? - Həsən Nəsrullahın öldürülməsinin təfərrüatı
2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza zolağında başlayan müharibə İranın diktəsi ilə "Hizbullah"-İsrail qarşıdurmasını da söz savaşından praktiki qarşıdurmaya qədər gətirib çıxardı. HƏMAS-ın sabiq lideri İsmayıl Haniyənin İranda, "Hizbullah"ın hərbi qanadının komandiri Fuad Şükrünün isə Livanda İsrail tərəfindən öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginlik potensial münaqişəni, gözlənildiyi kimi, artıq praktiki mərhələyə keçirdi. Beləliklə, "Hizbullah"la İsrail arasında 1982-ci ildən başlayan, 2000 və 2006-cı illərdə özünün ən aktiv fazasına qədəm qoyan münaqişə 2023-cü ilin 7 oktyabrında yenidən gərginləşdi və bu ilin 23 sentyabrında üçüncü genişmiqyaslı mərhələ ilə nəticələndi.
Yaxın Şərqin ən mürəkkəb və həlli mümkün olmayan problemlərindən biri kimi qiymətləndirilən 42 illik düşmənçilik 2000 və 2006-cı illərdə "Hizbullah"ın qələbələri ilə nəticələnsə də, İsrail də davamlı olaraq Livanı və təşkilatı atəş altında saxlayıb. Sentyabrın 23-də başlayan növbəti mərhələdə isə İsrail istədiyinə nail oldu. Belə ki, buna qədər "Hizbullah" lideri Həsən Nəsrullahın oğlu və qohumlarını öldürən İsrail ordusu bu dəfə "Hizbullah"ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum etdi və endirilən zərbələr zamanı hərəkatın baş katibi Həsən Nəsrullah, qızı və həyat yoldaşı qərargahda öldürüldülər. Həmçinin, hücum nəticəsində "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Karki və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri komandirinin müavini, briqada generalı Abbas Nilfuruşan da öldürüldü.
Əslində, rəsmi Təl-Əviv ABŞ-də prezident seçkisinə qədər, İranın da mövcud vəziyyətini nəzərə alaraq, Birləşmiş Ştatların dəstəyilə "Hizbullah"ı tamamilə məhv etməyi qarşısına məqsəd qoymuşdu. Çünki iqtidarda olan Bayden administrasiyası İsrailə dəstəyini göstərsə də, prezidentliyə hazırkı namizəd Kamala Harrisin İsrailə münasibəti bir o qədər də ürəkaçan deyil. Digər namizəd respublikaçı Donald Tramp isə xarici siyasətinin iki prioritetindən birinin İsrail olduğunu dəfələrlə dilə gətirib. Hətta hakimiyyətə gəlməyəcəyi təqdirdə İsrailin məhv olacağını bildirib.
Bu baxımdan, noyabrın 5-də ABŞ-də keçiriləcək seçkiyə qədər Netanyahu hökumətinin "Hizbullah"a qarşı konkret addım atacağı gözlənilən idi. Nəticədə İsrail ordusu "Hizbullah" lideri Həsən Nəsrullahı vurmaq üçün Livanın paytaxtı Beyruta nə az-nə çox - 80-dən çox bomba ilə hücum təşkil etdi. Həmin bombalardan 15-nin çox güclü "bunker buster" (bərkimiş hədəflərə və ya hərbi bunkerlər kimi yerin dərinliklərində basdırılmış hədəflərə nüfuz etmək üçün nəzərdə tutulmuş sursat növü) olduğu bildirilib və çəkisi 900 kq ağırlığında olub. İstifadə edilən bombalar arasında ABŞ istehsalı olan "BLU-109" dəqiq istiqamətləndirmə sistemi ilə təchiz edilib. 250 kq partlayıcı kütləyə malik "BLU-109" bombaları iki metrə qədər dəmir-beton konstruksiyalara nüfuz edə bilir. Bu bombalar ABŞ və İsrail, eləcə də Avstraliya, Belçika, Kanada, Almaniya, Fransa və bir sıra digər ölkələrin ordularında istifadə olunur.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, müharibə tarixində ballistik raketlər ilk dəfə 1944-cü ilin 8 sentyabrında istifadə edilib. İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası əvvəlcə Fransanın paytaxtı Parisi, bir neçə saat sonra isə İngiltərənin paytaxtı Londonu ballistik raketlərlə hədəf alıb. 14 metr uzunluğundakı "V-2" raketləri təxminən 900 kiloqram partlayıcı daşıyıb. Növbəti genişmiqyaslı hücum isə ABŞ tərəfindən 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası ilə edilib. Həmin nüvə başlıqlarının çəkisi təxminən 5 tona qədər olub. Həmçinin, bir ilə yaxındır ki, Qəzza zolağında davam edən müharibədə də İsrailin döyüş təyyarələri bu əraziyə 45 mindən çox raket və bomba atıb. Bunlardan bəziləri bir ton civarında partlayıcı daşıyıb. Nəticədə 40 mindən çox mülki şəxs həlak olub, infrastruktur yerlə bir edilib. Bunu ona görə xatırlatdım ki, İsrailin hücumları da miqyasına görə faşist Almaniyası və ABŞ-nin hücumlardan heç də fərqlənmir. Bu isə İsrailin "Hizbullah"ı, həqiqətən də, tamamilə məhv etmək niyyətinin real olduğunu təsdiqləyir.
Məsələnin digər tərəfi isə hadisədən bir neçə gün əvvəl baş verənlərlə bağlıdır. Belə ki, Həsən Nəsrullahın öldürülməsindən iki gün əvvəl - sentyabrın 25-də Ərəb İslam Şurasının baş katibi Məhəmməd Əli əl-Hüseyni Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Nəsrullahın artıq vəsiyyətini yazmalı olduğunu deyib:
"İran səni və qrupunu satdı. Sənə qarşılıq olaraq İranın hansı razılaşma əldə etdiyini bilsən, hər şey əksinə cərəyan edər. Bəli, səni məhz sənə Qüdsü göstərənlər satdılar. Ümid edirəm, gec olmadan hər şeyin fərqinə vararsan".
Maraqlıdır ki, sentyabrın 27-də - müsahibədən cəmi iki gün sonra İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah öldürüldü. Eynilə HƏMAS lideri İsmayıl Haniyənin də məhz İrana gələndən sonra qətlə yetirilməsi kimi.
Çünki bütün bu faktlar iki ehtimalı yenidən gündəmə gətirir:
- İsmayıl Haniyənin öldürüldüyü gün İranın yeni seçilən islahatçı Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi idi. Pezeşkian siyasi kursunda Qərblə yaxınlaşmanın tərəfdarıdır. Lakin Haniyənin öldürülməsi və məsuliyyətin yekunda İsrail və ABŞ-nin üzərində qalması bir müddət Pezeşkianı və komandasını fikrindən daşındırdı;
- İranın İsrailə hədələri bəyanatdan o tərəfə keçmədiyi üçün Qərblə yaxınlıq son günlər yenidən gündəmə gəlmişdi. Hətta sentyabrın 23-də, yəni İsrailin "Hizbullah"a qarşı genişmiqyaslı münaqişə başlatdığı tarixdə BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayırdı. Məsud Pezeşkian sessiyadakı çıxışında Qərblə yaxınlaşmanın tərəfdarı olduğunun mesajını da vermişdi. Nəticədə bu dəfə Həsən Nəsrullah öldürüldü və İranın Qərblə münasibətlərini normallaşdırması yenidən arxa plana keçdi.
Yəni İran, həqiqətən də, "Hizbullah"ı satıbsa, bu, rəsmi Tehranın iki əsas proksi qüvvəsindən imtina etdiyini göstərir.
Digər tərəfdən isə bu, İran daxilində Qərbə yaxınlaşmaq istəyən islahatçılarla düşmənçiliyi davam etdirmək istəyən mühafizəkarların daxili qarşıdurmasından doğa bilər ki, onlar mövcud iqtidarı hər vəchlə fikrindən yayındırmağa çalışırlar. Lakin hər iki hal İranla birbaşa bağlıdır. Yəni ya Qərbə yaxınlaşıb-yaxınlaşmamaq uğrunda İranda daxili qarşıdurma davam edir, ya da İran, həqiqətən də, Qərbə yaxınlaşmaq üçün proksi qüvvələrindən imtina edib. Hər iki hal isə İranın Yaxın Şərq regionunda əlini zəiflədəcək. Çünki Tehranın regionda dayaq nöqtəsi məhz həmin proksi qüvvələrdir.
Ən əsası isə - İranin Ali Rəhbəri Əli Xamenei Həsən Nəsrullahın ölüdürülməsi ilə bağlı cihad əmri verib. Bunun ardınca isə İsrail İranın silah bazalarının peyk görüntülərini yayıb və "İranı hər an vura bilərik" mesajını verib. İranın nəticəsiz bəyanatlarından fərqli olaraq, İsrailin konkret addımlar atması isə gedişatın Tehranın əleyhinə davam edəcəyini göstərir. Xameneinin "qisas", "sionist rejim məhv olacaq" və s. bu kimi açıqlamaları ilə daxili auditoriyanı sakitləşdirməkdən başqa heç nəyə xidmət etməyib. Bu isə Yaxın Şərqdə yeni geosiyasi konyunkturun yaranacağını deməyə əsas verir.
Əsas diqqətlər isə noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkisinə yönələcək.
Mərahim Nəsib