COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonadan bəhs olunan video yayımlanıb.
Tərəfdaşlarla Əlaqələr Sektorunun rəhbəri Leyla Mahmudova bildirib ki, Yaşıl Zona ev sahibliyi edən ölkənin təşəbbüsü ilə yaradılan bir ərazidir və onun yaradılmasında əsas məqsəd ictimaiyyətə açıq olan platformanın təşkilidir:
"Mavi Zonanın əsas proqramı dövlətlər arasında aparılan danışıqlardır və özəl sektora giriş məhduddur. Başa düşürük ki, özəl sektorun da iqlim dəyişikliklərinə və dayanıqlığa böyük töhfəsi var, onların səsi bizim üçün çox vacibdir. Bu səsi eşitmək üçün isə biz onlara Yaşıl Zonanı yaratdıq. Yaşıl Zona ictimaiyyətə açıq olan ərazidir. Buranın əsas sakinləri özəl və dövlət sektorları, QHT-lər, media nümayəndələri və gənclərdir".
Əlavə olunub ki, Yaşıl Zonanın ümumi ərazisi 37 500 kvadratmetrdir və böyük bir hissəsini pavilyonlar, konfrans otaqları, ikitərəfli görüşlər üçün otaqlar, əsas əməliyyat mərkəzi təşkil edir:
"Burada dörd konfrans otağı olacaq. Onlardan biri 200 nəfərlik, üçü isə 70 nəfərlik otaqlardır. Yaşıl Zonanın növbəti böyük hissəsi yemək zonasıdır və o, 3 000 insan üçün nəzərdə tutulub".