Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Xüsusilə də bir ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, mülki missiya adı altında hərbi-kəşfiyyat fəaliyyətləri aparan Avropa İttifaqı (Aİ) bu istiqamətdə daha çox fərqlənir. Halbuki, Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır və bunun da zərərləri ilk növbədə Ermənistana dəyə bilər. Çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda isə missiya həm nümayəndələrinin sayını artırır, həm müddətini uzadır, həm də Fransa kəşfiyyatçıları missiya adı altında öz bayraqları ilə Azərbaycanla sərhəddə yerləşirlər. Bu isə prosesə birbaşa Fransanın rəhbərlik etdiyini və Ermənistanı alətə çevirərək məkrli planlarını həyata keçirmək niyyətindən nəinki əl çəkmədiyini, hətta bunu intensivləşdirdiyini göstərir. Bəs bu gedişat nədən xəbər verir və perspektivdə nələrə gətirib çıxara bilər?
Milli Məclisin deputatı Ramil Həsən Oxu.Az-a açıqlamasında Azərbaycana qarşı qarayaxma və qərəzli təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu deyib:
"Təbii ki, bu, COP29-la bağlı olmaqla yanaşı, həm də Fransanın Azərbaycana qarşı həyata keçirdiyi iyrənc siyasətin tərkib hissəsidir. Çünki Böyük Britaniya 2016-cı ildə Avropa İttifaqından uzaqlaşandan sonra Fransa Aİ-də hegemonluq etmək iddiasına düşdüyü kimi, Qafqaz ölkələrinə də nəzarət etmək kimi əcaib və absurd bir xəyal qurur. Bu prosesdə də məhz Ermənistandan forpostu kimi istifadə edir".
"Bu istiqamətdə Fransanın Aİ-nin müşahidə missiyası adı altında Zəngəzur, Qafan və Qarakilsə rayonlarında daha çox aktiv olduğunu görürük. Hətta kəşfiyyatçılar Fransa bayrağı qaldıraraq missiyanın açıq-aşkar bu ölkənin himayəsində olduğunu göstərirlər. Bu, kəşfiyyat məlumatlarının toplanması, Ermənistanın sürətli şəkildə silahlandırılması və digər bu kimi proseslərin fonunda baş verdiyi üçün, şübhəsiz ki, təhdid ünsürünün də göstəricisidir. Bu prosesdə Azərbaycana təzyiq etmək istəyən dövlətlər məhz müşahidə missiyasının bayrağı altında gizlənərək Azərbaycana qarşı zərərverici amillərdən istifadə edirlər", - deputat diqqətə çatdırıb.
O, bu fəaliyyətlərin Azərbaycana heç bir mənfi təsir göstərməyəcəyini əlavə edib:
"Bu gün Azərbaycan Prezidentinin iradəsi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsi, təsis edilməsi və sülh müqaviləsinin imzalanması istiqamətində həyata keçirilən proseslər fonunda bu kimi addımların atılması yalnız Ermənistanın özünə zərər gətirəcək. Bundan Azərbaycana əsla zərər gələ bilməz və bu, mümkün deyil. Ona görə ki, Azərbaycan güclü dövlətdir və yetərincə resursları var ki, istənilən təhdidə yerindəcə cavab versin. Bunun ən mükəmməl örnəyini Ali Baş Komandanın liderliyində Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu Vətən müharibəsində nümayiş etdirib. Bu baxımdan, bu iyrənc hoqqabazlıqların hamısı iflasa uğrayacaq".
Politoloq Aytən Qurbanova da Oxu.Az-a açıqlamasında Avropa İttifaqının mülki missiya adı altında Ermənistan ərazisinə hərbiləşdirilmiş kəşfiyyat qruplaşması yerləşdirdiyini deyib:
"Qruplaşmanın qısamüddətli məqsədlərlə Ermənistana yerləşdirilməsi nəzərdə tutulsa da, biz onun artıq uzunmüddətli və hətta daimi xarakter alan missiyaya çevrildiyini görürük. Bu missiya Ermənistan ərazisində fəaliyyət göstərdiyi müddətdə regiondakı prosesləri müşahidə edərək təhrif olunmuş məlumatları dünya ictimaiyyətinə çatdırmaqla anti-Azərbaycan mövqeyinin formalaşdırılmasına xidmət edir. Ona görə də hərbiləşdirilən bir missiyanın mülki və humanitar məqsədlərlə regionda sülh və sabitliyə töhfə verəcəyini heç kim iddia edə bilməz".
"Bu qərəzli missiyanın əsas hədəfi regionda münaqişə ocaqlarının yaradılması və onların vasitəsilə regionda Qərbin maraqlarının qorunmasına, daha dəqiq desək, varlığının mövcud olmasına xidmət edir. Ermənistan öz suverenliyini uzun müddətdir ki, regional və qlobal aktorlara qurban vermiş dövlət olduğu üçün Aİ-nin mülki missiya adı altında Ermənistan ərazisində fəaliyyət göstərməsinə icazə verməsi də onu deməyə əsas verir ki, İrəvan Qərbin maraqlarının regionda təmin olunmasında alət funksiyasını oynamaqda davam edir", - politoloq əlavə edib.
O hazırda bu prosesin əsas icraçılarından biri kimi Aİ-nin məsuliyyət daşıdığını qeyd edib:
"Çünki regionu süni qarşıdurmalara təşviq edərək gərginlik yaratmağa çalışan məhz Aİ-nin mülki missiyasıdır".
Hərbi ekspert Azər Bayramov isə Oxu.Az-a açıqlamasında Avropa İttifaqının dırnaqarası mülki missiyasının Ermənistanın Azərbaycanla şərti sərhədinin yaxınlığında yerləşdirilməsini bu ölkə və onun havadarı Fransanın riyakarlıq niyyətinin göstəricisi kimi qiymətləndirib:
"Razılaşmaya əsasən, onların fəaliyyəti məhdud sayda və eyni zamanda qısa müddətdə nəzərdə tutulurdu, ancaq çox təəssüf ki, hər zaman olduğu kimi, verdikləri sözə və atdıqları imzaya hörmət qoymadılar. Getdikcə bu heyətin tərkibinin genişlənməsini və xüsusilə də vaxtın uzadılmasını müşahidə etdik. Bu da bir daha onların riyakar niyyətinin və təxribatçı fəaliyyətlərin əyani sübutudur".
"Xüsusilə qeyd etməliyik ki, dırnaqarası mülki missiyanın tərkibində, əsasən də, Fransa tərəfindən göndərilən nümayəndələr məhz Fransa jandarmının keçmiş hərbçiləridir. Onların ştat strukturuna baxdığımız zaman silahlı qüvvələrə tabe olduqlarını görə bilərik. Həmin jandarmın tərkibində, əsasən, üç bölmə və yaxud qrup fəaliyyət göstərir. Bu, dəniz jandarmı, hərbi polis funksiyasını yerinə yetirən qrup və GIGN kimi bildiyimiz antiterror və xüsusi əməliyyatlar qrupudur. Fransa məhz bu qruplar vasitəsilə müstəmləkəsi olmuş dövlətlərdə təxribatlar törədib, qan töküb və həmin qrupun nümayəndələrini də mülki missiya adı altında Azərbaycanla şərti həmsərhəd bölgəyə göndərib. Əlbəttə ki, belə cəfəngiyyatlara yalnız onların özləri inana bilərlər", - ekspert deyib.
O, Azərbaycanın mövcud vəziyyəti ciddi şəkildə nəzarətdə saxladığını diqqətə çatdırıb:
"Bu isə o deməkdir ki, bu fəaliyyətlər Ermənistan tərəfinə üstünlük qazandırmayacaq. Çünki istər texniki, istərsə də vizual şəkildə şərti sərhəddəki vəziyyət və təşəbbüs bizim nəzarətimizdədir. Onu da qeyd edim ki, həmin jandarmın əsas fəaliyyətlərindən biri də kəşfiyyat fəaliyyətinin aparılmasıdır. Vizual olaraq Azərbaycan sərhədlərinin binoklla izlənilməsi onların açıq-aşkar riyakar niyyətindən xəbər verir. Ancaq Ermənistan tərəfi unutmamalıdır ki, havadarlarına güvənib həyata keçirdiyi təxribatçı fəaliyyətlərdən əl çəkməlidir. Çünki Azərbaycan adekvat tədbirləri görəndə həmin missiya Ermənistana kömək edə bilməyəcək".
"Düşünürəm ki, belə təxribatçı davranışlar məhz mövcud vəziyyətin gərginləşdirilməsinə və xüsusilə də COP29 ərəfəsində Azərbaycanı qıcıqlandıraraq münaqişəyə çəkməyə hesablanıb. Amma bu, Ermənistan və onun havadarları üçün yaxşı nəticələr verməyəcək və baş verənlərin məsuliyyəti də Ermənistan və onu himayə edən ölkələrin hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Bayramov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib