Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Murat Boz Bakıda fanat “hücum”una məruz qaldı - FOTO/VİDEO
Məşhur türkiyəli müğənni Murat Boz və aktrisa Seda Bakan Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, Murat aktrisa Seda Bakanla birgə çəkildiyi “Öldür beni, sevgilim” filminin “CinemaPlus Ganjlik Mall”da baş tutan qala gecəsində iştirak edib.
Filmin qala gecəsindən öncə məşhurlar jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.
Hamilə olan Seda filmlə bağlı təəssüratlarını bölüşüb, uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib.
“Filmdə həm mənim, həm də Muratın çətin və asan başa gələn səhnələri oldu. Məncə, ən çətin səhnə Muratda oldu. O, hündürlükdən paraşütlə tullananda nə dərəcədə həyəcanlı olduğu üz ifadəsindən bilinirdi. Düşünürəm ki, filmimizi izləyən tamaşaçılar işimizdən razı qalacaqlar.
Uşağın cinsiyyəti məsələsinə gəlincə, hələ bəlli deyil. Əsas odur ki, dünyaya gələcək körpəm sağlam olsun.
Aktyorluq elə bir sənətdir ki, burada sənin üçün yaxşı da ola bilər, pis də. Bu isə rejissordan və düzgün yazılan ssenaridən asılı olan bir işdir. Amma vaxt keçdikcə sən öz işində püxtələşib nələrəsə nail olursan”.
Murat yenidən Azərbaycan gəlməkdən məmnun olduğunu dilə gətirib:
“Çox həyəcanlıyıq. Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film ərsəyə gətirdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi romantik bir komediya filmidir. Çox əyləncəli oldu. Burada olduğumuz üçün xoşbəxtəm.
Bundan öncə Bakıya konsert vermək üçün gəlmişdim. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Filmimizi bir çox ölkələrdə təqdim etdik. Sonda isə qardaş ölkə Azərbaycana gəldik.
Bir müddət öncə Azərbaycandan film təklifi almışıq. Pul məsələsi mənim üçün ikinci plandadır. Çünki maddi cəhətdən heç bir problemim yoxdur. Təqdim edilən layihə mənim üçün daha önəmlidir.
Digər çəkildiyim filmlərlə müqaisədə, aktyorluq qabiliyyətimdə irəliləyiş olduğunu görürəm. Hər film mənim üçün yeni bir təcrübədir. Seda kimi peşəkar aktrisanın yanında özümü tərifləyə bilmərəm. Filmlərə çəkiləndə hər dəfə yeni nələrsə öyrənirəm”.
Sənətçi, həmçinin hazırda eşq yaşadığı Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini bildirib.
“Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə düzgündür? Cəmi bir dəfə filmə çəkilmişik. Məncə, kifayətdir. Özəl həyatımla bağlı suallara cavab vermək istəmirəm. Bu haqda Türkiyədə jurnalistlər mənə çoxlu suallar verirlər. Mən danışmaq istəmirəm. Məni düzgün başa düşün”.
“O səs Türkiyə”dəki jüri kimi zarafatlarım mənim aktyorluq işimə də sirayət edib. Elə ona görə də ən çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün hələlik təklif almamışam”, - deyə Boz əlavə edib.
Murat Boz aktyor Burak Özçivitlə münasibətlərindən də danışıb:
“Bakıda baş tutan “Kardeşim benim 2” filminin qalasına mən də gəlməli idim. Sadəcə, “O səs Türkiyə” verilişinin çəkilişi ilə üst-üstə düşdüyü üçün qala gecəyə, təəssüf ki, qatıla bilmədim. Mənim Burakla heç bir problemim yoxdur. Normal münasibətlərimiz var”.
Mətbuat konfransı yekunlaşdıqdan sonra Murat Bozla Seda Bakan filmin premyarasına qatılıb, qırmızı xalıdan keçiblər. Bu zaman Muratın səsləndirdiyi “Filmimizi izləməyə gələnlərlə tək-tək foto çəkdirəcəyəm” deməsi ajiotaja səbəb olub. Fanatlar Murata hücum çəkib, onunla şəkil çəkdirmək üçün növbə belə gözləmək istəməyiblər. Bu isə kinoteatrda sıxlığın yaranmasına səbəb olub.
Rəşad Əliyev
FOTO: Ramil Zeynalov
Rəylər