17-ci “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə üzümün mexaniki üsulla becərilməsi və yığılması texnologiyası nümayiş etdirilir. Qlobal kənd təsərrüfatı texnika markası olan “New Holland” “Braud 9090X” modelli üzümyığan kombaynları ilə Azərbaycanda üzümçülük və şərab emalı sənayesində bir ilkə imza atıb.
“New Holland” şirkətinin regional direktoru Styuart Kempbell bildirib ki, bu texnologiya sayəsində qısa vaxt ərzində maksimum yığım əldə etmək mümkündür:
“Braud” kombaynları sənaye üsulu ilə yetişdirilmiş üzüm bağlarında istifadə edilir. Müasir intensiv bağlarda məhsuldarlıq yüksək, məhsul yığımı mövsümü isə qısa olduğundan yığımın mexaniki üsulla həyata keçirilməsi daha səmərəlidir. “New Holland” kombaynları artıq sizə minimum vaxtda maksimum yığım əldə etmək imkanı yaradır”.
S.Kempbell qeyd edib ki, “Braud” kombaynları bütün üzüm növlərində məhsuldarlığı optimallaşdırmaqda xüsusi rol oynayır:
“IntelliView III” toxunma ekranı ilə inteqrasiya olunmuş intellektual idarəetmə sistemi bütün əsas kombayn funksiyalarına tam girişi təmin edir. Onu da qeyd edim ki, texnika sadəcə 8 saat ərzində 198 ton üzüm yığmaqla rekorda imza atıb. Bu da yeni texnologiyanın ənənəvi yollarla həyata keçirilən üzüm yığımı ilə olan fərqinə əyani sübutdur. “Braud” kombaynı hər hektara 8-12 ton 99 faizi tullantılardan təmizlənmiş saf məhsul əldə etmək potensialına malikdir”.
Onu da vurğulayaq ki, fermerlər kombaynı 40 faiz dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “traktor.az” vasitəsilə əldə edə bilərlər.