Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Alatava"nın "Emka"sı: "Qətiyyən özümü kişi kimi hiss etmirəm"
"Emka" kişi obrazını üzə çıxarmadı. Qadındır, sadəcə, fərqli xarakterə sahibdir. Buna kişi, qardaş və "qaqaş" demək düzgün çıxmır. Mən özüm də həyatda bu cür kateqoriyadan olan qadınlara aidəm".
Bunu Oxu.Az-a müsahibəsində son dövrlərin populyar seriallarından birinə çevrilmiş "Alatava"da "Emka" rolunun ifaçısı, aktrisa Rumiyyə Ağayeva deyib. Onunla müsahibəni təqdim edirik:
- Rumiyyə xanım, necəsiniz? Sizi tapmaq müşkül olub. İşləriniz necə gedir?
- Şükür Allaha, yaxşıyam. Düzdür, havalar isti keçir. Ona görə bir qədər tənbəllik məni basıb. Heç nə etmək istəmirəm. Demək olar ki, harasa getmirəm. Ancaq istirahət etməyə çalışıram. İşlərim də qaydasındadır. Teatr mövsümünü bağlayırıq. Yenisinə hazırlaşırıq.
- "Alatava" serialının finalı oldu. Təəssüratınızı bölüşərdiniz?
- Bəli, "Alatava" serialının, təəssüf ki, finalı oldu. İstərdim ki, ikinci, üçüncü, dördüncü, beşinci və s. mövsümləri olsun. Hər birinin də maraqlı olacağına əminəm. Amma hələ ki ikinci mövsüm haqqında xəbər yoxdur. Halbuki, hamı onu gözləyir. İkinci mövsüm də olmasa, inşallah, bundan da maraqlı işlər edərik. Yaradarıq.
Çox adam düşünürdü ki, serial xoşbəxt sonluqla bitəcək. Ancaq bu cür sonluqla bitməyi mənim xoşuma gəldi. Sonu tamaşaçının fantaziyasına qaldı. Kim hara getdi, necə oldu - hər şey sual altında qaldı. Tamaşaçı özü qərar verir.
- Necə oldu ki, seriala dəvət aldınız?
- Seriala dəvəti Əlixanın (Əlixan Rəcəbov - red.) özündən almışam. Halbuki, ssenari müəllifləri mənim qrup yoldaşım Emin Əfəndiyev və dostum, qardaşım, tələbə yoldaşım Taleh Yüzbəyovdur. Amma dəvəti Əlixandan aldım. Bildim ki, bu iş maraqlı olacaq.
- Rolunuz səs-səda doğurdu. Çoxları tərəfindən bəyənildi.
- Həqiqətən, bu rol çoxları tərəfindən bəyənildi. Mən sevinirəm ki, obraz qəbul olundu, sevildi. Tənqid olunmadı. Çox adam deyir ki, "Emka"nın zibilinə uşaqlar keçdilər. Amma "Emka" onu düşünmürdü.
- Oynadığınız rol ürəyinizcə oldumu?
- Ürəyimcə oldu. Mən yenə də özümə çox tənqidi yanaşıram. Hər səhnəyə baxanda fikirləşirəm ki, bundan da yaxşı oynaya bilərdim, burada bunu başqa cür edə bilərdim. Heç vaxt öz işimdən tam razı qalmıram.
- Rolunuz sizə bir qədər çətinmi gəldi, yoxsa tam əksi?
- Xeyr, obraz olaraq çətin deyildi. Çəkiliş zamanı çətinliklər var idi. O da isti olduğu üçün idi. Məkanlarımız uzaq yerlərdə idi. Büdcəmiz də az idi. O cür sıxıntılarımız olurdu. Obraza aid çətinliklərim olmayıb.
- Bir çox filmlərdə rol almısınız. Özünəməxsusluğunuzla hər zaman seçilmisiniz.
- Mən həyatda da seçilirəm. Amma istəyərdim ki, arada başqa obrazlar da canlandırım. Çünki tamaşaçıda, sənət aləmində belə bir fikir yaranıb ki, Rumiyyə ancaq bir tip obrazları oynaya bilir. Halbuki, bizim teatrımıza gəlsələr, məni səhnədə izləsələr, görəcəklər ki, çox şeyə qadirəm. Tək vurub-yıxan obrazları bacarmıram. Başqa istedadlarım da var.
- "Alatava"dakı rol ən çox sevilən hesab oluna bilərmi?
- Mənə elə gəlir ki, obrazların hamısı çox rəngarəngdir. Dördümüz də sevilmişik. Hər obraz özünə görə sevilib. "Emka" obrazını deyə bilmərəm ki, sırf o bəyənilib. Hamı sevilib. Mən belə düşünürəm. Bütün aktyorlar öz obrazlarını gözəl oynayıblar. İşlərini yerinə yetiriblər.
- Yaradıcılığınızda bəyənmədiyiniz rollar olub?
- Bəyənmədiyim rollar yoxdur. Mənə verilən işi sevərək, ürəkdən yerinə yetirirəm. Yaşayıram və oynayıram. Konkret belə bir rol yoxdur.
- Məcbur qalıb oynadığınız rollar var?
- Məcbur qalıb oynadığım rol yox, səhnələr olub. Bir səhnə var idi ki, obrazım qəbir qazıb, "bacısı"nı diri-diri basdırır. O səhnənin əleyhinə idim. Ssenarist və rejissorlara dedim ki, çəkilməyəcəyəm, çünki mənim obrazım pozitiv obrazdır. Öyrədən obrazdır. Birdən-birə bacısını basdırır. Üsyan etdim. Sonra bəzi aktyorlarla söhbətdən sonra sakitləşdim. Belə bir söz eşitdim ki, aktyor hər bir verilən tapşırığı yerinə yetirməlidir, xoşuna gəldi-gəlmədi. Bu işin içindəyəmsə, ən yüksək səviyyədə yerinə yetirməliyəm. Həqiqətən də, ürəyim istəməsə belə, səhnə çox gözəl alındı. Mən onu elə oynadım ki, obraz elə bil özündə deyildi, affekt vəziyyətində hərəkət edirdi. Yenə də o obrazı sıxışdırmadım. Onu elə oynadım ki, tamaşaçıların da çox xoşuna gəldi, özümün də. Belə səhnələr olur, istəmirəm. Amma seçim məndə olmur. Bu işə qol çəkmişəmsə, təklif edə bilərəm. İmtina edə bilmərəm.
- Bəs xarakterinizə zidd olan hansı rollarınız var?
- Konkret öz xarakterimə zidd olan feminist obrazında məni çox vaxt görürlər. Əslində, qətiyyən feminist deyiləm. Əlixanın "Karantinvari boşanma" filmində feminist kimi rol aldım. Çox əla qısametrajlı filmdir. Gülməli idi. Çox xoşuma gəldi. Xarakterimə gələndə mən feminist deyiləm, yəni obrazım xasiyyətimə zidd idi. Heç vaxt kişi və qadını ayırmıram.
- "Emka" obrazı ilə kişi xarakterinin üzə çıxarıldığını deyirlər. Münasibətiniz necədir?
- Bu barədə dəfələrlə demişəm ki, "Emka" kişi obrazını üzə çıxarmadı. Hər qadında bir xüsusiyyət var. Elə qadın var ki, yalnız öz xeyrini fikirləşir. Elə qadın var ki, sevgisinə görə həyatını məhv edir. Eləsi var ki, qısqanclığa görə adam öldürə bilər. "Emka" da bu cür xarakterdir. Buna kişi, qardaş, "qaqaş" demək düzgün çıxmır. Mən özüm də həyatda bu cür kateqoriyadan olan qadınlara aidəm.
Qətiyyən özümü kişi kimi hiss etmirəm. Heç vaxt da hiss etməmişəm. Sadəcə, xarakterimdə bu cür xüsusiyyətlər var. Mən elə kişi tanıyıram ki, onda bu xüsusiyyətlər yoxdur. Onda o qadın sayılır? Mən bu ifadəni heç vaxt eşitməmişəm. Hər bir insanın müxtəlif xarakter xüsusiyyətləri var. Kişiyə və qadına bağlamaq mənasızdır.
- "Alatava"da bəzi səhnələr tənqidlərə məruz qaldı.
- Bəli, tərif olan yerdə tənqid də olur. Daha çox tənqidə məruz qaldıq. Lakin yenilik gətirdik. Bunu da öz üzərimizə götürməliydik. Buna hazır idik. Bizdən qabaq televiziyada bu cür addım atan olmayıb. Kimsə bunu etməli idi. Bizdən sonrakılar az tənqid olunacaqlar. Çünki ilk biz olduq.
- Rus Dram Teatrının aktrisasısınız. Sizə görə, teatr yoxsa, film sahəsi daha ön plandadır?
- Fərqləri var, əlbəttə. Bunları müqayisə edəndə, açığı, mən çətinlik çəkirəm. Mənim üçün fərqli sahələrdir. Teatr və kino başqa-başqa anlayışlardır.
Bir neçə il bundan öncə mən əminliklə deyə bilərdim ki, film sahəsi daha ön plandadır. Hazırda görürəm ki, teatr da dirçəlib, inkişaf edib. Teatra maraq artıb. Şəxsən mənim üçün ikisi də ön plandadır. Seçə bilmirəm. Uşaq necə ki anası və atasını seçə bilmirsə, bu da belədir. İkisi də ön plandadır.
Nəzrin Vahid
Rəylər