Taksi sürücüsünə basqın edərək onun külli miqdarda pulunu qarət edən Samir Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Samir Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məsuliyyətə cəlb olunduğu üçün cəzasını ciddi rejimdə çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə onun 12 il azadlıqdan məhrum olunmasını tələb edib. İstintaqla müəyyən edilib ki, Samir Məmmədov 2024-cü ilin iyununda Nəsimi rayonunun "Şamaxinka" deyilən ərazisində taksi fəaliyyəti ilə məşğul olan Quba rayon sakini Rəhim İsmayılova yaxınlaşaraq onu Qubaya aparmasını istəyib. Samir Məmmədov taksi sürücüsü ilə gediş haqqını 70 manata razılaşaraq əvvəlcə Xocəsən qəsəbəsindən anasını və əşyalarını götürüb yola davam edəcəklərini bildirib. Onun göstərdiyi istiqamətlə Xocəsən qəsəbəsinə gəliblər.
O, avtomobili ara məhəllələrə sürdürərək kimsəsiz ərazidə qəfil arxadan əlindəki əşyanı sürücünün kürəyinə dayayaraq üzərindəki pulları tələb edib. Əks təqdirdə onu öldürəcəyini bildirib. Rəhim İsmayılov onun təhdidlərindən qorxaraq avtomobildə olan 1384 manatı Samirə verib. Samir Məmmədov taksi sürücüsünü qarət etdikdən sonra qaçaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları onu narkotik maddələrin istifadəsinə görə saxlayarkən Samirin Bakıda quldurluq törətdiyi üçün axtarışda olduğu üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Daha ətraflı Baku TV-nin materialında:
Rəylər