Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müdafiə Nazirliyində 143 milyonluq MƏNİMSƏMƏ: "Bəzi şahidlərlə üzləşmə sübut kimi götürülməyib"
Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında cinayət işi üzrə sənədlərin tədqiqi ilə davam etdirilib.
Təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, sənədlərdə istintaqın hesabladığı məbləğlərlə məhkəmədə tədqiq olunan məbləğlər arasında ciddi fərqlər var:
"Bəzi şahidlərlə üzləşmə sübut kimi götürülməyib. Onların deyəcəyi yeni söz var. Bizim vəsatətimiz ondan ibarətdir ki, həmin şahidlər yenidən məhkəməyə dəvət olunsunlar, onların ifadələri sübut kimi qəbul olunsun.
Hakim Fikrət Əliyev deyib ki, iş üzrə şahidlər dindiriliblər və onlarla üzləşmə də aparılıb:
"Cinayət işi üzrə sənədlərin tədqiqi başa çatdıqdan sonra nə vəsatət olsa, tərəflər arasında müzakirə ediləcək".
Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin təltifləri və xəstəlikləri barədə sənəd təqdim etmək istəyib.
Hakim ona da vəsatətləri yalnız sənədlərin tədqiq olunmasından sonra qəbul edəcəyini bildirib.
Məhkəmənin növbəti iclası avqustun 16-na təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil-İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.