Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq "Abad Şəmkir" MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.
A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.
"Report"un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib.
Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub. Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.