Bu il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından qeyd edilib ki, bu, sentyabrın 1-nə olan məlumatla müqayisədə 2,7% azdır.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son bir ildə isə 20% azalıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.
Bəs görəsən, bu müsbət tendensiyaya nə səbəb olub? Kredit faizlərinin azalması gözlənilirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, problemli kreditlərin həcminin azalması müsbət haldır:
“Problemli kreditlərin həcminin azalması həm bank, həm də borclar üçün müsbət göstəricidir. Borclar yalnız vətəndaşlara məxsus deyil. Biznes borcları da daxildir. Yəni təkcə vətəndaşlar deyil, şirkətlərin də borcu var.
Bankların problemi kreditlərinin həcminin azalması bütövlükdə iqtisadiyyat üçün yaxşı haldır. Banklar daha çox kredit verə biləcək”.
Ekspert qeyd edib ki, problemi kreditlərinin həcminin nəyin hesabına azalması ilə bağlı dəqiqləşdirmə vermirlər:
“Burada sual yaranır ki, problemli kreditlərin müəyyən hissəsi qaytarılıb, ona görə azalıb, yoxsa batıb? Onları silib-silmədikləri maraq doğurur. Birinci hal - yəni kreditlərin qaytarılması - yaxşı haldır. İkinci hal isə o qədər də yaxşı deyil. Çünki banklar pulları itiriblər. Əsas məsələ odur ki, pullar batıb, yoxsa qaytarılıb? Bu barədə danışmaq lazımdır”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə başlıca səbəbin ölkə iqtisadiyyatının artması ilə bağlı olduğunu vurğulayıb:
“Mərkəzi Bankın açıqlamasından biz görürük ki, problemli kreditlərin azalması istiqamətində müsbət tendensiya var. Bunun başlıca səbəbi ölkə iqtisadiyyatının artması ilə bağlıdır. Bu, həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin gəlirlərinin çoxalması ilə əlaqədardır. Yəni onların ödəniş qabiliyyətinin artması müşahidə olunur.
Bu isə əlbəttə, ümumən iqtisadiyyata müsbət təsirini göstərir. Digər tərəfdən isə problemli kreditlər azalırsa, ödəniş artır, deməli, bankların dövriyyəsi artır. Bankların dövriyyəsi artdıqca onların kredit portfelləri də genişlənir. Bu mənada kredit faizlərinin aşağı salınması mənə elə gəlir ki, mümkündür”.
İqtisadçı-ekspert Fuad İbrahimov əlavə edib ki, banklar problemli vətəndaşlara kredit vermirlər:
“Bu, çox geniş məsələdir. Statistik məlumatlarda müxtəlif göstəricilərdə azalma var. Amma bu statistik məlumat nədir? Ötən ilin filan tarixinə nisbətdə indi vəziyyət budur. Bəli, o, nisbətə görə, azalma hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, kreditlərin verilməsinin xüsusi çəkisində azalma baş verir. Çünki vətəndaşlar ikinci, üçüncü dəfə kredit götürmək üçün müraciət etsələr də, müsbət nəticə almırlar. Bank sektorunda nəzarəti həyata keçirilən büro tərəfindən bəlli olur ki, vətəndaşın üzərində kredit var, ya yoxdur. Varsa, ikinci və üçüncü dəfə kreditin verilməsi məhdudlaşır.
Yəni bu baxımdan çəki artmır, amma arta da bilər. Artıq banklar problemli vətəndaşlara kredit vermirlər. Banklar özlərini sığortalayırlar. Bu nöqteyi-nəzərdən problemli kreditlərdə azalmalar baş verir”.
“Eyni zamanda, investisiya kreditlərinin yerləşmə həcmi də azalır. O ki qaldı kreditlərin faizlərinin azalmasına, bundan ötrü banklara vəsait cəlb olunur. Əlbəttə, bu gün dünyada kifayət qədər bu sektorda donorlar var. Bu baxımdan, hökumətimiz də donor kimi çıxış edə bilər. Amma əlbəttə ki, Mərkəzi Bankın uçot dərəcəsindən aşağı olmamaq şərt ilə. Bilir ki, uçot dərəcəsi faiz dərəcələrini tənzimləyir. Əlbəttə ki, çox yüksəkdir. Manat ifadəsində olsa belə, çox yüksəkdir. Bu baxımdan, arzuolunandır, ancaq eyni zamanda, inflyasiya amilini nəzərə alsaq, çox çətin bir prosesdir”, - deyə F.İbrahimov fikrini tamamlayıb.
Nəzrin Vahid