"Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartı ilk növbədə beynəlxalq standartlaşdırma təşkilatının tövsiyələri əsasında hazırlanıb. Beynəlxalq təcrübələrdə ESG hesabatlar formasında var idi. Azərbaycanda ilk dəfə ESG-nin dövlət standartları səviyyəsində qəbul olunmasına nail olduq".
Oxu.Az xəbər verir ki, bu fikirləri ESG üzrə qəbul edilən dövlət standartı ilə bağlı keçirilən brifinqdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov deyib.
O bildirib ki, ilk olaraq 2022-ci ilin son rübündə strateji baxış sənədi hazırlanıb:
"2023-cü və növbəti illər üçün sistemli tədbirlər və fəaliyyət gündəliyi formalaşdırdıq. Sözügedən addım yeni təcrübə olduğu üçün beynəlxalq təcrübəyə və özümüzün hansı addımları ata biləcəyimizə fokuslandıq. 2024-cü ildə normativ tənzimləmələrə diqqət etməli idik. ESG üzrə qəbul edilən milli standart qəbul edilmiş ən ölçüləbilən, nəticəyönümlü məhsuldur".
O əlavə edib ki, ESG-nin biznes üçün ən önəmli mahiyyəti biznes fəaliyyətinin optimallaşdırılmasına, istehsal fəaliyyətinin qənaətcil rejimdə çalışmasına töhfə verir. Eyni fəaliyyət profili ilə məşğul edən iki şirkət arasında seçim edərkən ESG standartları olan şirkətlərə daha çox üstünlük verilir. Bu isə şirkətlərin maliyyə resurslarını və rəqabət gücünü artırmağa töhfə verir.
"Bu standartın qəbul edilməsi ilə biznes ictimaiyyəti gələcəkdə daha çox fayda əldə edəcək. Hədəfimiz bunu daha çox bizneslərə çatdırmaq və sözügedən standartın qəbul edilməsinə nail olmaqdır", - deyə N.Həsənov bildirib.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev