"Bizim təşkilat davamlı, xüsusən də ekoturizmə əsaslanır və 19 ölkədə fəaliyyət göstərir. Təbiətə əsaslanan turizm iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıyır. Çünki turizm sənayesi bütün dünya əhalisinin təxminən 10%-ni əhatə edir. Ancaq düşünürəm ki, bu təbiətə əsaslanan turizm sənayesinin fəaliyyəti çox zəifdir. Əvəzində digər sənayelər sürətlə inkişaf edir. Bizim missiyamız xalis sıfıra nail olmaq və insanların sağlam səyahət edə bilməsini təşviq etməkdir".
Bunu Oxu.Az-a açıqlamasında Asiya Ekoturizm Şəbəkəsinin sədri Masaru Takayama deyib.
O bildirib ki, xüsusən də koronavirus pandemiyasından sonra dünyanın diqqəti atmosferin təmizlənməsinə, çirklənmənin qarşısının alınmasına yönəlib:
"Bu baxımdan, düşünürəm ki, təkcə siyasətçilər deyil, bütün insanlar nə baş verdiyini anlayaraq hərəkət etməlidirlər. Bizim əsas məqsədimiz də budur. Azərbaycan da bu istiqamətdə çox yaxşı işlər görür. Biz bir-birimizdən çox şey öyrənməliyik. Yaponiya inkişaf etmiş ölkələrdən biridir. Düzdür, bizim də enerji ilə bağlı problemlərimiz var. Qalıq yanacaqlardan və bərpaolunan enerji mənbələrindən asılılıq tələb edən standart həyat tərzinə keçmək üçün hələ də köklü dəyişikliyə ehtiyac var".
"Bu istiqamətdə ada dövlətlərinin problemini bilirsiniz. Ancaq minerallar və digər təbii ehtiyatlar baxımından zəngin olan bir ada ölkəsi olduğumuz üçün sənayeləşmə ilə daha çox mübarizə aparmalıyıq. Çünki Yaponiya texnologiya ölkəsidir. Ancaq yenə də düşünürəm ki, bunu növbəti səviyyəyə qaldırmaq lazımdır ki, insanlar ümumiyyətlə nə baş verdiyini başa düşsünlər və istiqaməti dəyişdirsinlər", - yaponiyalı nümayəndə əlavə edib.
Mərahim Nəsib