Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hacı Zeynalabdin Tağıyevə verilən salam
Kubra Məhərrəmova yazır...
COP29 çərçivəsində ölkəmizə xeyli xarici vətəndaş gəlmişdi. Onlardan biri Zeynalabdin Tağıyevin heykəlinin qarşısında ona hərbi salam vermişdi. Bu addımı atmaqda ona hansı hisslər dəstək olmuşdu, onu şəxsən mən bilmirəm. Amma görüntü o qədər valehedici idi ki... Bəs görəsən biz özümüz Tağıyevə salam veririkmi?
Tağıyev ali məktəbdə bilik və savad almasa da, yazı-pozunu bilməsə də, dövrünün tərəqqi və maarifpərvər adamı idi. Onun haqqında xeyli sayda mif və əfsanələr gəzsə də, onun həqiqəti bir idi. O xalqını savadlı, bilikli görmək istəyirdi. Zamanında xeyli sayda gəncin xaricdə (Rusiya və Avropa universitetlərində) ali məktəblərdə təhsil almasına dəstək olmuşdu. Təsəvvür edin ki, XX əsrin əvvəlidir, "qıza papaq atdın, yıxılmadısa ərə ver" deyən cəmiyyətdə, 1901-ci il oktyabrın 7-də Zeynalabdin Tağıyevin Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayır. "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir" deyən H.Z.Tağıyev bu pula, bu xahişlərə başqa istiqamətdə biznes qura bilərdi, lakin bütün güc və imkanlarını buna xərcləyir.
Bir düşünün, kim icazə verərdi Cənubi Qafqazda məktəb tikdirməyə?
Tağıyevin məktəbin tikilməsi üçün ilk xahişi İmperator III Aleksandra olur və ondan yox cavabı alır. Lakin Tağıyev təslim olmur, ikinci dəfə xahişini Çar II Nikolay taxta çıxanda edir. Diplomatik addım ataraq çarın xanımı Aleksandra Fyodorovnanın adını daşıyan bir qız məktəbinin açılması fikrini irəli sürür və cavab müsbət olur. Deyilənlərə görə imperatorun xanımına Tağıyev çox bahalı hədiyyələr də göndərir. Amma Tağıyev təkcə Rusiya İmperiyasının bürokratik əngəlləri ilə mübarizə aparmırdı. Tağıyev həm də daxildəki cahillərlə mübarizə aparırdı. Müsəlman qızların təhsil alması ruhanilər tərəfindən kəskinliklə pislənir, təəssüf ki, savadsız xalq da mollalara daha çox inanırdı. Yeri gəlmişkən, bu yaxınlarda Tağıyev haqqında filmin təqdimatı oldu.
Kim istədə gedib kinoteatrlarda izləyə bilər. Əslində könül istərdi ki, bu istək o qədər yüksək olsun ki, kinoteatrlar günə 10 seans versinlər. Film daha öncə də tarixi şəxsiyyətlərimiz barədə "Son iclas", "Əbədi ezamiyyət" kimi filmləri hazırlayan "Bakı Media Mərkəzi"nin istehsalıdır. Zənnimcə bu dəfə filmin baş prodüseri Arzu Əliyevanın əsas məqsədi Tağıyevin tarixi və mənəvi irsini kütləyə çatdırmaqla yanaşı, həm də onun psixoloji portretinin real və doğma rənglərdə təsviri olub. Çünki filmdəki Tağıyev sanki hər birimizin çoxdan tanıdığı, doğma üz cizgiləri və səsinin həlimliyi ilə qəribə deja-vü hissini yaşadan adamdır. Filmdə Tağıyevin hər sözü iliyə qədər işləyərək emosional vəhdət yaradır. Qeyd etməliyəm ki, bu, Tağıyev filminin birinci hissəsidir. Adı da "Neft"dir. Adi çəkməçi ailəsindən çıxan multimilyonçu Tağıyevin filmdə çox maraqlı obrazını görürük. Əslində belə filmin olması olduqca alqışlanan məqamdır. Bir var Tağıyev haqqında oxuyasan, bir də var ki, gözünün qabağında hadisələr bir-bir canlana. Əvvəla onu deyək ki, Tağıyev neftdən əvvəl başqa istiqamətlərdə iş qurmuşdu. İndiki zaman üçün desək, biznes yaratmışdı. Lakin yeniliklərə açıq olan Tağıyev gələcəyin neftin üzərində qurulacağını anlamış və bu istiqamətə yönəlmişdi. Filmdə Tağıyevi, onun neft uğrunda mübarizəsini, məqsədinə çatmaq üçün çəkdiyi daxili iztirabları sakitcə, emosiyasız izləmək mümkün deyil.
Ailəsində yaşadığı faciələr, onlara sipər gəlməsi, övladlarına yiyə durması, ailəsiylə rəftarı onu XX əsrin əvvəllərində yaşamış tipik azərbaycanlı kişisindən xeyli fərqləndirir. Tağıyev sanki dövrünün İlon Maskı, Stiv Cobsu, Cef Bezosudur. Gələcəyi görür, vizyonu var, insanları ruhlandıra bilir. Öz layihəsinə inanır və başqalarını buna inandırır. Filmin mənə görə ən möhtəşəm məqamlarından biri Tağıyevin torpağı sığallamasıdır. Çünki Bibiheybətdə icarəyə götürdüyü torpaqda 5 il quyu qazmasına baxmayaraq neft çıxmır ki, çıxmır. Ortaqları əlini bu işdən çəksə də, Tağıyev təslim olmur, borca girir, əlində olan-qalanı bu torpağa yatırır. Və 1878-ci ildə neft fontan vurur. Və burada bir mistika yaşanır. "Tağıyev: Neft" filminin yaradıcıları prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı etiraf etdilər ki, onlar da bu filmin ərsəyə gəlməsi üçün düz beş il mücadilə ediblər. Təsəvvür edin ki, hekayənin başlanğıcı 2019-cu ilə gedib çıxır. Və hər detalı, hər səhnəni işləmək üçün aylarla iş aparırlar. 5 ildən sonra film fontan vurur. Filmdə o dövrün ab-havasını, adamını filmdə təsvir etmək üçün müvafiq rəng, geyim və aksesuarlardan istifadə olunmalıdır. Bu işi böyük ustalıqla filmin rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim həyata keçirib. Onu da deyim ki, tarixi görüntünü əldə etmək heç də asan olmayıb. Aktyorları çarıqla təmin etmək tələb olunub. Amma çarığı haradan tapasan? Bu sirrin üstünü filmin prodüseri Orman Əliyev açdı. Sən demə üç gənc sənətkarı göndəriblər Şəkiyə ki, gedin çarıq tikməyi öyrənin. Uşaqlar da öyrənib və filmin bütün iştirakçılarını çarıqla təmin ediblər. Bəli, Şəkidə hələ bu qədim sənəti yaşadan adam var.
Tağıyev irsini ifadə edəcək bu film dörd hissədən ibarətdir. İkinci film dekabrın sonunda çıxmalıdır. Film artıq quyusu fontan vurmuş, əli milyonlara çatmış Tağıyevdən bəhs edəcək. Filmin ikinci hissəsinin qısa anonsunu izlədikcə düşünürsən ki, əgər ki, bolşeviklər hakimiyyətə gəlməsəydi, Tağıyev mütləq və mütləq Rotşildlər, Rokfellerlər qədər dünyaya meydan oxuyardı. Bunun üçün Tağıyevin ağlı, düşüncəsi və biznes aparmaq bacarığı bəlkə də, onlardan çox idi. Amma təəssüf, coğrafiya qədərdir. Ömrünün sonunda hər şeyindən məhrum olunmuş, varidatını böyük səxavətlə xalqı üçün xərcləyən, digər neft milyonçularını da buna məcbur edən Tağıyevin həyat hekayəsinin davamını gözləyirik. Məncə Tağıyev bu gün sevinərdi. Çünki onun həyat hekayəsini bu gün onun millətindən olan insanlar danışır. Bir zamanlar Tağıyevin xəyal etdiyi savadlı, bilikli, işıqlı və istedadlı gənc insanlar nəql edir. Elə bu Tağıyevə onun xalqından olan ən gözəl salamdır.