“Qarabağ” Avropanın istənilən komandasına problem yarada bilər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı futbol məşqçisi Yuri Syomin “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Almaniya “Bayer”i ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.
77 yaşlı mütəxəssis Ağdam klubunun yüksək səviyyədə inkişaf etdiyini bildirib:
“Komandanın bu yerlərə gəlib çıxmasında Qurban Qurbanovun əməyi böyükdür. Azərbaycan klubları arasında ilk dəfə olaraq “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu, ölkə futbolu adına böyük uğurdur. İnanıram ki, bu gecə də Ağdam təmsilçisi “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Uğurlar arzulayıram”.
Vaxtı ilə “Qəbələ” komandasının baş məşqçisi olmuş Y.Syomin Azərbaycanda yalnız bir komandanın oyunlarını izlədiyini söyləyib:
“Sabiq komandam “Qəbələ”nin matçlarına baxa bilmirəm. Yalnız “Qarabağ”ın avrokubok görüşlərini izləyirəm”.
Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda keçirilən ilk matçda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab qarşılaşması Bakı vaxtı ilə bu gecə saat 00:00-da baş tutacaq.
Rəylər