Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Taleh Məmmədov: "Hər dəfə erməni güləşçi ilə rəqib olanda ancaq bir dua edirdim"
"Mən güləş üçün ailəmi və dostlarımı qurban verdim".
Bunu Oxu.Az-a müsahibəsində uzun illər Azərbaycanı güləş idmanı növündə Avropa və dünya arenalarında təmsil edən Taleh Məmmədov deyib. Karyerasını başa vurmaq qərarına gələn idmançı buna səbəb kimi zədələrini göstərib. Ancaq əməkdaşımızla söhbətində bildirib ki, karyerasını güləşçi kimi başa vursa da, güləş onun üçün bitməyib. Onunla müsahibəni təqdim edirik:
- Lap əvvəldən başlayaq. Güləşə necə gəldiniz?
- Mən güləşə uşaq yaşlarımda başlamışam. Səbəb isə dayım olub. O, rayonumun tanınmış güləşçilərindən olub. Bakıya gələrkən məni də yanında gətirib və bu idman növünə yönəldib. Daha sonra Respublika Olimpiya İdman Liseyində oxumağa başladım. Orada məşqlərə və dərslərə gedirdim, bu da məni daha çox həvəsə gətirirdi.
- İlk başladığınız zaman hansı çətinliklərlə üzləşmişdiniz?
- İdman liseyində oxumağa başladığım vaxtlar çətin gəlirdi, çünki anam üçün darıxırdım. Kiçik yaşlarımdan paltar yumağı, yerimi səliqəyə salmağı öyrənmək məcburiyyətində qalmışdım.
- Ailəniz güləşçi olmağınızı istəyirdi, yoxsa qarşı çıxırdı?
- Xeyr, tam tərsinə, dayıma qulaq asmadığım üçün məni tənbeh edirdilər. Bəlkə də, mənim Taleh Məmmədov olma səbəbim elə budur. Dayım məni güləş zalına aparanda ailəm da dəstək oldu və dayımı diqqətlə dinləməyi tapşırdı.
- İlk dəfə milli komandaya dəvət olunanda hansı hissi keçirdiniz?
- Çox həyəcanlı idim. Çünki mənim üçün maraqlı idi. Düşünürdüm ki, görəsən, milli komandanın digərlərindən fərqi nədir, orada qeyri-adi olan nədir? Sonra gördüm ki, heç bir fərq yoxdur. Aradakı yeganə fərq daha ciddi yanaşma idi. Onun üçün də çox həyəcanlı idim, çünki xəyallarım gerçəkləşmişdi.
- Bəs ilk beynəlxalq göstəriciyə imza atanda nələr düşünürdünüz?
- Uğur qazanmaq əvəzolunmaz bir hissdir. Düzdür, Avropa turnirlərində qızıl medal sahibi olmasam da, hər dəfə uğura imza atanda gözlərim dolurdu. İlk dəfə beynəlxalq dərəcəli uğur qazananda ailəmlə danışdım və onun mənimlə necə qürur duyduqlarını hiss edəndə çox qəribə hisslər yaşadım. Məqsədim onların mənə olan etimadını doğrultmaq idi. Şükürlər olsun ki, hər dəfə çıxdığım yarışlarda nailiyyət əldə etmişəm.
- Uğurlu karyeranız var, bunu nəyə borclusunuz? Yaxud belə deyək, bu uğuru əldə etmək üçün nələri fəda etmisiniz?
- Hər idmançı uğur əldə etmək üçün bəzi şeyləri qurban verməli olur. Mənim fəda etdiyim - ailəm və dostlarım oldu. Çünki yaslarda, toylarda, ad günlərində yanlarında ola bilmədim. Təsəvvür edin ki, bir gün evə gəldim, gördüm, övladım iməkləyir, daha sonra gəldim, gördüm ki, gəzməyə başlayıb. Amma hər birinə ayrıca təşəkkür edirəm ki, məndən inciməyiblər. Tam tərsinə, bəzən dostlarımla oturduğum zaman onlar özləri mənə saatın gec olduğunu deyib evə göndərirdilər.
- Karyeranızı bitirmək səbəbi nədir? Yaş, yoxsa yorğunluq?
- Əslində, hər ikisini də deyə bilərəm. Bunun səbəbi isə son güləşimdə keçirdiyim hisslərdir. Güləş döşəyinə çıxdığım zaman, finaldakı rəqibimlə üz-üzə gələndə elə bildim ki, artıq öləcəyəm. Hətta son dəfə erməni rəqibimlə qarşılaşacağımla bağlı məlumatı alanda çox həyəcanlandım. Ürəyimdə Allaha dua edirdim ki, əgər uduzacağamsa, canımı indi alsın. Sırf bu şeylərə görə karyeramı başa vurmaq istədim.
- Hər kəs sizi erməni güləşçilərin qənimi kimi tanıyır, bu məsələyə münasibətiniz necədir?
- Bu, izah edə bilməyəcəyim hissdir. Vaxtilə torpaqlarımızı işğal edənlərə qarşı içimdəki nifrət hissi hər görüşümdə özünü büruzə verirdi. Mən qürur duyuram ki, erməni güləşçilərə məğlub olmamışam. Hər dəfə də erməni güləşçi ilə rəqib olduğum zaman, əgər məğlub olacağamsa, güləş döşəyinə çıxmadan öncə ölməyi arzulamışam. Yadımdadır, bir dəfə erməni güləşçini məğlub edib baş məşqçisinə bayrağımızı göstərərək, "yaşa, şanlı bayrağım" dedim və onun mimikaları mənə motivasiya verdi.
- Karyeranız ərzində qızıl medalınız olmadı, bunun səbəbi nə idi?
- Bu mövzu ilə bağlı danışacağım çox şey var, əslində. Güləşə başladığım ilk illərdə Azərbaycan millisi iranlı məşqçilərə həvalə olunmuşdu. Ovaxtkı baş məşqçilər daha çox legioner güləşçilərə üstünlük verirdilər və mən hər dəfə heyətdən kənarda qalırdım. Düşünürdüm ki, onlar məndən daha zəifdirlər, amma əsas heyətdə çıxış edirlər. Bəlkə də, mənə 20-25 yaşlarımda fürsət verilsəydi, indi daha çox nailiyyətim var idi. Daha sonra milli komandaya təyin olunan baş məşqçilər mənim potensialımı gördülər və şans verməyə başladılar. Təəssüf ki, hər final görüşümdə məğlub oldum. Amma buna baxmayaraq, ölkəmizi layiqincə təmsil etdiyimi düşünürəm.
- Final görüşlərindəki məğlubiyyətlər nə ilə əlaqədar olub? Güclü rəqib, yoxsa yorğunluq?
- Hər final görüşüm mənim üçün fərqli yadda qalıb. Bəzən Avropa çempionları ilə yarımfinalda qarşılaşıb məğlub etmişəm, amma finalda ilk dəfə professional çıxış edən güləşçiyə uduzmuşam. Heç bir rəqibimi özümdən güclü görməmişəm. Sadəcə, zədələr və yorğunluq mənə qalib gəlib, rəqiblər deyil.
- Məşqçi olmaq qərarına gəldiyiniz deyilir. Artıq məşqçilik fəaliyyətinizə başlamısınız?
- Mən artıq altı aydır ki, uşaq vaxtı təhsil aldığım Respublika Olimpiya İdman Liseyində məşqçi kimi işləyirəm. Qarşıdakı hədəflərim isə özümə aid bir məşq zalı işlətməkdir. Hazırda Azərbaycanın bölgələrində, eləcə də paytaxtımızda çoxsaylı məşqçilər fəaliyyət göstərirlər. Amma bu o demək deyil ki, onlar peşəkardırlar. Bəzən, sadəcə, yoxlamaq məqsədi ilə gedib izlədiyim məşqlərdə xoşagəlməz hallarla qarşılaşıram. Məşqçi şagirdləri ilə yanlış davranır və güləşə aid olmayan şeylər öyrədir. Bəziləri sırf maddiyyata üstünlük verdikləri üçün valideynləri aldadırlar. Mən isə bu kimi məsələləri aradan qaldırmaq istəyirəm.
- Güləşçi karyerasını bitirən Taleh Məmmədov gənc idmançılara nə demək istəyir?
- Təcrübəli güləşçi, idmançı olaraq, bir neçə baş məşqçi ilə işləmiş biri kimi deyərdim ki, düzgün müəllim seçsinlər. Məşqçi onlara nə dedisə, qayda-qanun kimi qəbul etməlidirlər. Məşqçi onları tənqid də edə bilər, sevə də bilər.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Rəylər