Futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Türkiyə Super Liqasında növbəti qolunu vurub.
Oxu.Az xəbər verir ki, futbolçu “Hatayspor”un heyətində “İstanbulspor”la qarşılaşmada fərqlənib.
Oyunda hesabı 26-cı dəqiqədə meydan sahibi “İstanbulspor”un futbolçusu F.Loshaj açıb. 48-ci dəqiqədə Renat Dadaşov penalti zərbəsindən hesaba tarazlıq gətirib.
“İstanbulspor” 79-cu dəqiqədə hesabda irəli çıxıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə “Hatayspor” bərabərlik qolunu vursa da, VAR qolun ofsayddan vurulduğunu ortaya çıxarıb və qol ləğv olunub.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə R.Dadaşov sarı vərəqə alıb.
Autsayder “İstanbulspor” qələbəyə baxmayaraq, səkkiz xalla sonuncu pillədə qalıb. 17 xala sahib “Hatayspor” 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, cari mövsümdə “Hatayspor”un heyətində səkkiz qarşılaşmada forma geyinən R.Dadaşov üç qol vurub, üç məhsuldar ötürmə edib.