Azərbaycan Kubokunun final görüşündə Qurban Qurbanovun "Qarabağ"ı "qızıl dubl", Rəşad Sadıqovun "Zirə"si isə ilki həyata keçirmək istəyir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bunu bacaracağı təqdirdə yarışın qalibi adını qazanacaq 10-cu klub kimi tarixə düşəcək. "Qarabağ" isə yarışın 7 qat qalibidir. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
Bundan əlavə olaraq isə "Qarabağ" klubu Azərbaycan Kubokunun sahibi olacağı təqdirdə "qızıl dubl" etmiş olacaq.
Xatırladaq ki, 1992-ci ildən keçirilən yarışda 9 klub - "Qarabağ" (7), "Neftçi" (6), "Kəpəz" (4), "Xəzər Lənkəran", "Bakı" (hər ikisi 3), "Keşlə" (indiki "Şamaxı"), "Qəbələ" (hər ikisi 2), "İnşaatçı", "Şəfa" (hər iksi 1) qalib adına sahib çıxıblar.
Qeyd edək ki, iyun ayının 2-də "Liv Bona Dea Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.