Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. "Dostluq Ordeni" ilə təltif olunub. 2016-cı ildə beynəlxalq mükafatın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.
Rəylər