2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən səkkiz il ötür.
Türkiyə xalqının birliyi kimi tarixə düşən həmin gecə türklər Vətəni qorumaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında toplaşaraq, sözün əsl mənasında, dövlət üçün özlərini sipər ediblər.
AZƏRTAC xəbər verir ki, ümumiyyətlə, tarixin bütün dövrlərində harada yaşamasında asılı olmayaraq, türklərin əsas həyat fəlsəfəsi dövlətçilik olub. Əsrlər boyu bu prinsiplə yaşamağın türk millətinə verdiyi ən üstün cəhət isə torpaq, bayraq, Vətən sevgisidir. Həmin gecə Türkiyədə baş verənlərə qarşı xalqın ayağa qalxması da məhz bu xüsusiyyətin özünü büruzə verməsi olub.
Paytaxt Ankarada "F-16" qırıcılarının aşağı hündürlükdən uçması ilə başlayan bu xain hücum İstanbulun "Boğaziçi" və "Fateh Sultan Mehmet" körpülərinin ələ keçirilməsi ilə davam edib. Ölkə üzrə ümumilikdə 252 nəfərin qətlə yetirildiyi xain hücuma FETÖ mənsubu olan 9 minə yaxın hərbi qulluqçu, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank cəlb edilib.
Türk xalqının yaddaşına "qanlı gecə" kimi həkk olunan o gün həm də millətin birliyinin rəmzinə çevrilib. Bu hadisənin əbədiləşdirilməsi məqsədilə Türkiyədə müxtəlif abidə kompleksləri yaradılıb. Onlardan biri də İstanbulda yerləşən "Yaddaş 15 İyul" muzey-kompleksidir. Xalqın birliyinin və düşmənə müqavimətinin abidəsi kimi tanınan bu məkan məhz qəhrəmanlıq, vətənpərvərlik ruhunda yaradılıb.
Muzeydə həmin gecə baş verənləri özündə əks etdirən fotolar, xüsusi hazırlanmış holoqramlar, eləcə də terrorçular tərəfindən yararsız hala salınan nəqliyyat vasitələri, güllələrin izləri, o gün orada olanların ayaqqabıları kimi fərqli əşyalarla yanaşı, Türkiyə Prezidentinin xalqa müraciət etdiyi mobil telefon da sərgilənir. İnsanlıq tarixinin bir sıra digər utancverici hadisələri ilə bağlı məlumatların da yer aldığı məkanda dünyada baş verən dövlət çevrilişləri, o cümlədən hərbi çevriliş nəticəsində 1961-ci ildə edam edilən Türkiyənin doqquzuncu Baş naziri Adnan Menderesin məhkəməsi və asılma anına dair fotoşəkillərdən ibarət guşə, eləcə də dünyada, xüsusilə Avropada insan haqlarının pozulmasına yol açan müstəmləkəçilik siyasəti ilə bağlı materiallar nümayiş olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə inşa olunan muzey təxminən 1500 kvadratmetrlik ərazini əhatə edir. Kompleksin əsası isə xüsusi mozaik fiqurlarla hazırlanan ağ günbəzdən ibarətdir.
Həmin qanlı gecənin izlərini özündə əks etdirən və iki qitəni birləşdirən "Boğaziçi" körpüsü bu hadisələrdən sonra "15 İyul Şəhidləri" adlandırılıb.
2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən səkkiz il ötür. Türkiyə xalqının birliyi kimi tarixə düşən həmin gecə türklər Vətəni qorumaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında toplaşaraq, sözün əsl mənasında, dövlət üçün özlərini sipər etdilər.
Rəylər