Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə on körpəni qəsdən öldürən tibb işçiləri ilə məhkəmə davam edir: Yeni saxlanılanlar var
Türkiyənin İstanbul şəhərində ölkənin gündəmini zəbt edən və ictimaiyyətdə böyük hiddət yaradan "Yenidoğan" qruplaşmasının məhkəmə prosesi davam edir.
Uşaq təcili yardım şöbəsinin xəstələrini əvvəlcədən razılaşdıqları özəl xəstəxanaların yenidoğulanlar şöbələrinə göndərərək körpələrin ölümünə səbəb olduqları və haqsız qazanc əldə etdikləri iddia edilən 47 müttəhimin məhkəməsinin 13-cü günüdür.
Bu barədə Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən dəstə sağlam körpələri müqavilə bağladıqları xəstəxanaların reanimasiya şöbələrində qəsdən saxlayaraq Sosial Müdafiə Qurumundan (SGK) pul alıb və yanlış müalicə nəticəsində çox sayda körpənin ölümünə səbəb olub.
Məlum olub ki, dəstənin cinayətkar əməlləri təkcə körpələrlə məhdudlaşmayıb, həmçinin yetkin xəstələr üzərində də eyni hərəkətləri tətbiq ediblər.
Prokurorluğun hazırladığı iddianamədə dəstənin 19 səhiyyə müəssisəsində fəaliyyət göstərdiyi və 10 körpənin ölümünə səbəb olduğu bildirilib.
İttiham aktında yer alan 47 müttəhimin əksəriyyətinin səhiyyə işçiləri olduğu qeyd edilib.
Məlumata görə, məhkəmə iclasında mütəşəkkil cinayət təşkilatının rəhbəri olduğu iddia edilən Fırat Sarının da aralarında olduğu 22 həbsdəki müttəhim, həbsdə olmayan bəzi müttəhimlər, bəzi şikayətçilər və tərəflərin vəkilləri iştirak ediblər.
Məhkəmə iclasının keçirildiyi salonda və qarşısında polis qrupları tərəfindən sıx təhlükəsizlik tədbirləri görülüb. Noyabrın 18-də başlayan və 22-si həbsdə olmaqla 47 təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı keçirilən iclasda şikayətçilərin və təqsirləndirilən şəxslərin vəkillərinin ifadələri alınıb.
Həmçinin Büyükçekmece Prokurorluğu tərəfindən "Cinayət törətmək məqsədilə təşkilat qurmaq", "Xüsusi fırıldaqçılıq", "Rüşvətalma", "Qəsdən adam öldürmənin ehtiyatsızlıq davranışı ilə həyata keçirilməsi" və "Rəsmi sənədlərin saxtalaşdırılması" maddələri üzrə aparılan istintaq çərçivəsində İstanbul Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən yeni əməliyyat həyata keçirilib.
Cinayətkar qruplaşmanın başçısı olduğu iddia edilən Fırat Sarı ilə birgə hərəkət edən, 5 həkim, 3 tibb bacısı, 5 tibb işçisi və bir mülki şəxs olmaqla, 14 nəfər şübhəli qismində nəzarətə alınıb.
Təxminən 7 saat davam edən iclas təqsirləndirilən şəxsin vəkillərinin ifadələrinin alınması üçün ertəsi günə qədər təxirə salınıb.
Eyni zamanda, istintaq çərçivəsində həbsdə olan 22, həbsdə olmayan 25 şübhəlinin müdafiəsi və şikayətçilərin ifadələri tamamlanıb. Məhkəmə kollegiyasının dekabrın 4-də iş üzrə müvəqqəti qərarını elan etməsi gözlənilir.
Xatırladaq ki, ötən gün keçirilən prosesdə dövlət prokuroru Birinci Beynəlxalq Xəstəxananın sahibi Ali Aksu, Esenler Güney Xəstəxanasının məsul müdiri, həkim Ali Dirik, həkim Şeyhmus Çelik, TRG Hospitalının həkimi Mehmet Gürül, TRG Hospitalının baş direktoru Murat Mantuş, Bağcılar Şafak Xəstəxanasının müəssisə üzrə müdir köməkçisi Mustafa Kazan, tibb bacısı Ceren Hatice Kırım, tibb bacısı Renginar Molla, tibb bacısı Serenay Şenkalayıcı və tibb katibi Sümeyye Özdəmir haqqında həbs qərarının verilməsini istəyib.
Rəylər