Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkədə "narkotik epidemiyası" ilə mübarizə üçün radikal təklif irəli sürüb. Onun fikrincə, problemin həllinin yeganə effektiv yolu narkotik satıcıları üçün ölüm cəzasının tətbiqidir.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.
Tramp vəziyyətin ciddiliyini vurğulayaraq, orta hesabla hər narkotik satıcısının 500 nəfərin ölümünə məsuliyyət daşıdığını bildirib.
"Bunu dayandırmağın yeganə yolu narkotik satıcıları üçün ölüm cəzasının tətbiqidir, amma bilmirəm ölkəmiz buna hazırdırmı", - deyə siyasətçi qeyd edib.
Qeyd etmək lazımdır ki, bu təklif Trampın narkotik satıcıları üçün ən yüksək cəza tədbirinin tətbiqi məsələsini qaldırdığı ilk deyil. Hələ 2018-ci ildə ABŞ prezidenti olarkən o, oxşar təşəbbüslə çıxış etmişdi. O zaman Tramp narkotik epidemiyası ilə mübarizənin əlavə tədbiri kimi narkotik dərmanlar üçün reseptlərin yazılmasının azaldılmasını təklif etmişdi.
Rəylər