Moldova parlamentinin deputatı, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini Yuri Pasat arı sancmalarının səbəb olduğu anafilaktik şokdan vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə hakim "Fəaliyyət və Həmrəylik" partiyasının "Facebook" səhifəsində məlumat verilib.
Partiyanın mətbuat xidməti siyasətçinin əməksevər və işinə sadiq olduğunu qeyd edib. Partiya, həmçinin Pasatın ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
"Böyük kədərlə həmkarımız, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini, deputat Yuri Pasatın vəfatı barədə xəbər veririk. Onun ölümü bu gün səhər arı sancmalarının səbəb olduğu anafilaktik şok nəticəsində baş verib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, anafilaktik şok - ən ağır allergik reaksiyadır ki, allergenlə təmasdan bir neçə dəqiqə sonra inkişaf edə və ölümlə nəticələnə bilər. Statistikaya görə, hər il dünyada anafilaksiyadan təxminən 1500 insan ölür. Bal arısı və eşşək arısı sancmaları bu təhlükəli vəziyyətin inkişafının ən çox rast gəlinən səbəblərindən biridir.
Rəylər