Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SEPAH öz sıralarında casus axtarır: Rabitə vasitələrini qadağan etdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda texniki rabitə vasitələrinin partlayışlarından sonra öz hərbi qulluqçularına hər hansı belə cihazdan istifadəni qadağan edib.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi İranın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat verib.
Onların məlumatına görə, SEPAH-da təkcə rabitə cihazlarının deyil, demək olar ki, bütün texniki avadanlıqların genişmiqyaslı yoxlanılmasına başlanılıb. Bildirilir ki, qurumun rəhbərliyi baş verənlərdən narahatdır və "Hizbullah"dan texniki ekspertizanın nəticələrini, həmçinin partlamış məhsulların bir neçə nümunəsini istəyib.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, SEPAH, həmçinin, İsraillə əlaqəli mənbələrdən pul vəsaitləri alan hərbi qulluqçuların, orta və yüksək rütbəli zabitlərin aşkar edilməsi üçün ciddi araşdırmaya başlayıb.
"Bu, onların həm İrandakı, həm də xaricdəki bank hesablarının, eləcə də onların və ailələrinin səyahət tarixçələrinin yoxlanılmasını əhatə edir", - deyə mənbə izah edib.
Qeyd edək ki, sentyabrın 22-də İslam İnqilabı Keşikçiləri Korpusu İranın altı əyalətində 12 İsrail agentindən ibarət şəbəkənin ifşa edildiyini bəyan edib. Onların məlumatına görə, bu agentlər ölkənin milli təhlükəsizliyini pozmağa yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırıblar.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənubunda kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları olub. Bu dəfə ölənlərin sayı artıb, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin Günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)" teqi üzrə xəbərlər
- İranın XİN rəhbəri müharibəyə hazır olmağa çağırdı
- İranda SEPAH polkovniki şübhəli şəkildə ölüb
- İran öz proksi qüvvələri üçün kimyəvi silah hazırlamağa çalışır
- İrandan Trampa qarşı sui-qəsd hazırlamaqda iştirakına dair iddialara REAKSİYA
- İranın sifarişi ilə Trampa qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
Rəylər