"Ukrayna Prezidenti Volodimir Zelenskiyə atəşkəs təklifi çox da xoş gəlmədi, onun bəzi şübhələri var, lakin o, ideya üzərində düşünməyi və fikirləşməyi təklif etdi".
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Ukrayna rəhbəri ilə görüşdən sonra "Die Weltwoche" nəşrinə müsahibəsində deyib.
Orban bildirib ki, Zelenskinin keçmişdə atəşkəslə bağlı uğursuz təcrübəsi olub və onun fikrincə, bu, Ukraynaya fayda verməyib.
"Buna görə də Zelenski mənim mövqeyimi başa düşdü, mümkün olanın hüdudlarını izah etdi və biz bunu necə davam etdirəcəyimizə baxacağıq", - deyə baş nazir əlavə edib.
Görüş barədə Kiyevdən də münasibət bildirilib:
"Ukrayna prezidenti həmsöhbətini dinlədi, lakin cavabında öz mövqeyini bildirdi ki, bu da aydın, anlaşılan və məlumdur. Ukrayna, həqiqətən, sülh istəyir və bunun üçün bizim alətimiz var - ilk sülh sammitini keçirdik və ikinciyə hazırlaşırıq".
Xatırladaq ki, Macarıstanın baş naziri iyulun 2-də (2012-ci ildən bəri ilk dəfə) Ukraynaya səfər edib. O, Zelenskiyə sülh dialoqunun başlanmasına kömək etmək üçün atəşkəs rejiminin qurulması barədə düşünməyi təklif edib.
Qeyd edək ki, Orban Rusiya-Ukrayna münaqişəsini Avropa üçün ən böyük problem adlandırır və Avropa İttifaqını diplomatik həll başlamazdan əvvəl öz rolunu, maraqlarını müəyyən etməyə çağırır, çünki onun sözlərinə görə, ABŞ və Rusiya gec-tez bir-biri ilə danışıqlara başlayacaqlar.
Rusiya hakimiyyəti sülh danışıqlarına başlamaq üçün şərtləri açıqlayıb: Ukrayna qoşunlarının Donbas, Xerson və Zaporojye vilayətlərindən çıxarılması, həmçinin Kiyevin bu ərazilərə iddialarından rəsmi imtina etməsi, demilitarizasiya və denasifikasiyanın həyata keçirilməsi, Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğvi, neytral nüvəsiz statusun təsbit edilməsi.
Zelenski bu təklifləri ultimatum adlandırıb və qeyd edib ki, bu şərtlər əvvəllər də Moskva tərəfindən səsləndirilib. Bununla yanaşı, Ukrayna prezidenti vəd edib ki, əgər Rusiya öz qoşunlarını çıxarsa, Kiyev Moskva ilə danışıqlara günü sabah başlamağa hazırdır.
Rəylər