Oktyabrın 22-si və 23-də Tehran Universitetində "Araz Azad İqtisadi Zonası: Qafqaz regionunda strateji, iqtisadi və mədəni əlaqələr ocağı" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunur ki, konfransın təşkilatçıları Araz Azad İqtisadi Zonasının administrasiyası ilə yanaşı, Tehran Universitetinin Dünya Araşdırmaları fakültəsi, İmam Hüseyn Universiteti, Tehran Universitetinin Şimali Amerika və Avropa Araşdırmaları İnstitutu, İran-Avrasiya Araşdırmaları İnstitutu, Qafqaz Araşdırmaları İnstitutu və İran Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Beynəlxalq Elmi Əməkdaşlıq Araşdırmaları Mərkəzi olub.
Lakin konfransdakı məruzə və çıxışlar barədə yayılan məlumatlar onun həqiqi elmi toplantı deyil, anti-Azərbaycan tədbiri olduğunu söyləməyə əsas verir. Belə ki, konfransda elan olunan mövzudan daha çox, Azərbaycan-Ermənistan münasibətlərindən, Zəngəzur dəhlizindən, onun guya İran-Ermənistan sərhədini kəsəcəyindən, eləcə də Azərbaycan-İsrail əlaqələrindən danışılıb. Özü də bu məsələlər ətrafında anti-Azərbaycan tezislər təkcə müxtəlif qurumları təmsil edən ekspertlər tərəfindən deyil, həm də İranın rəsmi şəxsləri tərəfindən səsləndirilib.
Konfransın ikinci günü İranın strateji məsələlər üzrə vitse-prezidenti, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə xüsusi sessiya keçirilib və o, "İranın xarici siyasətində qonşuluq strategiyası" mövzusunda çıxış edib. İranın geosiyasi mövqeyi, böyük maddi və mənəvi potensialı, insan resursları sayəsində regionun tranzit, texnoloji və enerji habına çevrilə biləcəyini vurğulayan Zərif "3+3" formatının bölgəyə kənar qüvvələrin müdaxiləsinin qarşısını almaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Çıxışının sonunda Azərbaycan-İsrail əlaqələrindən bəhs edən vitse-prezident deyib:
"İsrailin Azərbaycan Respublikasındakı mövcudluğu, onun bəzi Fars körfəzi ölkələrindəki mövcudluğu kimi, özü üçün sipər yaratmaq məqsədi daşıyır. İsrail, əslində, onları dəstəkləmək, yaxud qorumaq deyil, öz maraqlarına qurban vermək niyyətindədir".
İran mediası Zərifin konfransdakı çıxışından məhz bu məqamı qabardaraq, "İsrail Azərbaycanı qorumaq yox, qurban vermək istəyir" başlığı ilə təqdim edib.
Ətraflı - süjetdə:
Oktyabrın 22-si və 23-də Tehran Universitetində "Araz Azad İqtisadi Zonası: Qafqaz regionunda strateji, iqtisadi və mədəni əlaqələr ocağı" mövzusunda beynəlxalq konfrans keçirilib.