Böyük Britaniyada ən nəzakətli oğru saxlanılıb. Belə ki, o, qarətdən sonra evdə döşəməni yuyur, zibili atır və hətta ev heyvanlarını yedirirdi.
Oxu.Az bu barədə "Stern" qəzetinə istinadən məlumat verib.
Bildirilir ki, hadisə Uelsdə qeydə alınıb. Orada yerli qadın evə qayıdanda "qorxunc" mənzərənin şahidi olub: kimsə paltarları asıb, gül dibçəklərinin yerini dəyişib, ərzaqları yerbəyer edib, zibili atıb, həmçinin quşlar üçün yemliklərə yem qoyub. Amma heç nə oğurlanmayıb. Yalnız bir şüşə şərab və şirniyyat itib. Yəqin ki, oğru ev işlərini komfort şəraitdə görmək istəyib.
Qadın belə özbaşınalığa dözməyib polisə müraciət edib. İstintaq başlayıb, amma polis ikinci hadisə baş verənə qədər "xeyirxahı" tapa bilməyib.
İkinci halda isə oğru yay evinə girib və həyatdan zövq almağa qərar verib. Yeyib-içib, paltar yuyub və hətta hidromasaj vannasından istifadə edib. Doğrudur, eyforiya vəziyyətində oğru evdəki kameraları tamamilə unudub. Buna görə də onu həbs ediblər.
Oğru 36 yaşlı evsiz kişi olub. O, artıq etdiyi əməllərə görə üzr istəyib və həyatının çətin olduğunu etiraf edib. Bununla belə, bu, ona kömək etməyib. Şəxs 22 ay müddətinə həbs edilib.
Rəylər