Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" və "China Henan Aviation Group" arasında "Air Cargo China 2024" sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır.
"Silk Way West Airlines" ilk dəfə olaraq "Air Cargo China 2024" sərgisində iştirak etməklə aviaşirkətin qlobal miqyasda fəaliyyətini genişləndirmək və yeni biznes imkanlarını kəşf etmək kimi niyyətlərini nümayiş etdirib. Bu nüfuzlu tədbirə qoşularaq "Silk Way West Airlines" Asiya bazarında mövcudluğunu gücləndirmək və beynəlxalq hava yükdaşımaları sənayesində yeni tərəfdaşlıqlar qurmaq məqsədlərini daşıyır.
"Silk Way West Airlines" on ildən artıqdır ki, Çin bazarında uğurla fəaliyyət göstərir, xidmətlərini davamlı olaraq genişləndirir və şəbəkəsini gücləndirir. "China Henan Aviation Group" ilə memorandum şirkətin inkişaf yolunda önəmli nailiyyət olaraq əlaqələrin gücləndirilməsini və yeni fürsətlərin yaradılmasını vəd edir.
Bu əməkdaşlıq strateji məkanlar, geniş marşrut şəbəkəsi və müxtəlif qiymətli resurslar daxil olmaqla hər iki tərəfin üstünlüklərindən yararlanmaq fürsəti yaradacaq. "Silk Way West Airlines" və "China Henan Aviation Group" birgə addımlar əsasında Çjençjou və Bakı arasında yükdaşıma marşrutlarının tezliyini əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyirlər. Bu təşəbbüs nəticəsində Çjençjou Asiya-Sakit Okean regionunun, Bakı isə Avropa, Amerika, Afrika və digər regionların mərkəzi hab mövqelərini tutacaqlar.
"Silk Way West Airlines"ın Asiya-Sakit Okean regionu üzrə vitse-prezidenti Cenni Cao "China Henan Aviation Group" ilə tərəfdaşlıq etməkdən məmnun olduğunu bildirib: "Bu əməkdaşlıq bizim Çjençjouda ötürmə qabiliyyətimizi və yükdaşıma həcmimizi artıracaq, rahat və səmərəli yerüstü dəstəyi təmin edəcək. Bu, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.