BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olan "Bank Respublika" və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.
Sazişə əsasən, beynəlxalq maliyyə institutu "Bank Respublika"ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.
Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.
"Bank Respublika" ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühüm bir addımdır. "Bank Respublika"ya etimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizliklə gözləyirik", - deyə FMO-nun icraçı direktoru, Michael Jongeneel qeyd edib.
"İlk növbədə, qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühüm tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının "Bank Respublika"ya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək", - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də "Facebook", "Instagram", "LinkedIn", "Telegram" səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Rəylər