Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Azerbaijan Fish Farm" və AZANS-ın əməkdaşlığı çərçivəsində 5 min nərə balığı Xəzərə buraxılıb
Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balıqlarının populyasiyasının bərpası tədbirləri çərçivəsində Azərbaycanda balıqçılıq sənayesinin ən böyük investoru olan "Azerbaijan Fish Farm" şirkəti və Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) arasında əməkdaşlıq çərçivəsində Xəzər dənizinə 5 min nərə balıqları buraxılıb.
Xəzər dənizinin ekosistemində mühüm ekoloji rol oynayan nərə balıqları yaşayış mühitinin pisləşməsi, həddindən artıq balıq ovu və icazəsiz balıq ovu səbəbindən ciddi təhlükələrlə üzləşir. Bu nadir canlıların qorunub saxlanmasının vacibliyini əsas götürən "Azerbaijan Fish Farm" və AZANS 5 min endemik nərə balığının təbii yaşayış mühitinə buraxılmasını təşkil edib. Bu zəruri və mühüm tədbir nərə balıqlarının sayının bərpasına töhfə verməklə yanaşı, həm də nadir növlərin və onların ekosistemlərinin qorunmasının zərurəti barədə məlumatlılığın artırılmasına yönəlib.
Hava sahəsində aktual problemləri, dayanıqlı təcrübələri və innovasiyaları müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri və aviasiya sənayesinin liderlərini bir araya gətirən Bakıda keçirilən CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti 2024-ün nümayəndələrinin iştirakı tədbirə xüsusi özəllik qatıb.
CANSO sammitinin nümayəndələrinin iştirakı ekoloji təşəbbüslərin qlobal əhəmiyyətini bir daha ön plana çıxarıb, təbii irsin qorunmasına yönəlmiş tədbirlərə dəstəyi nümayiş etdirib. Bu hadisə həmçinin dünya ictimaiyyətinin ümumi məqsəd olan Yer planetinin və onun resurslarının mühafizəsi uğrunda birləşməyə hazır olduğunu əyani şəkildə göstərib.
Tədbir ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf üçün tədbirlər kompleksini özündə əks etdirən Azərbaycanın "yaşıl gündəliyi"nə tam uyğun gəlir. Nərə balıqlarının populyasiyasının bərpası və endemik növlərin mühafizəsi ümumilikdə ölkənin milli ekoloji siyasətin mühüm tərkib hissəsi olan biomüxtəlifliyin qorunmasına və təbii ekosistemlərin dəstəklənməsinə sadiqliyini əks etdirir. Azərbaycan təbiətə mənfi təsirlərin azaldılmasına və gələcək nəsillərin rifahının təmin edilməsinə yönəlmiş ekoloji cəhətdən dayanıqlı təcrübə və təşəbbüsləri fəal şəkildə və uğurla tətbiq edir.
Qeyd edək ki, "Azerbaijan Fish Farm" şirkətinin və AZANS-ın "yaşıl gündəliyə" və dayanıqlı inkişafa sadiqliyi onların ətraf mühitin və ekosistem tarazlığının qorunmasına yönəlmiş təşəbbüsləri ilə özünü göstərir. Bunun bariz nümunəsi kimi şirkətlərin nərə balığı kimi nadir və nəsli kəsilməkdə olan növlərin populyasiyalarının bərpası və mühafizəsi üzrə fəal birgə fəaliyyətini göstərmək olar ki, bu da onların təbiət və gələcək nəsillər qarşısında məsuliyyətini əyani şəkildə nümayiş etdirir. Bu cür səylər onların ekoloji tarazlığın və dayanıqlı inkişafın qorunmasına sadiqliyini vurğulayır ki, bu da öz növbəsində Azərbaycanın milli "yaşıl gündəliyi"nin həyata keçirilməsinə töhfə verir.
Bir faktı da qeyd edək ki, kollektiv məsuliyyət və birgə fəaliyyət böyük nəticələr verir. Bunun əyani sübutu kimi daha əvvəl həyata keçirilmiş ekoloji təşəbbüsləri göstərmək olar. Müxtəlif təşkilatlar, dövlət qurumları və beynəlxalq icmalar qüvvələri birləşdirdikdə, böyük və dayanıqlı dəyişikliklərə səbəb ola bilirlər. Belə ki, istər maliyyələşdirmə, istər texniki dəstək, istərsə də layihələrdə fəal iştirak kimi hər bir iştirakçının töhfəsi ümumi təsiri artırır və ətraf mühitin yaxşılaşdırılmasında əhəmiyyətli nəticələrə gətirib çıxarır. "Azerbaijan Fish Farm" şirkəti və AZANS-ın birgə fəaliyyəti ekoloji məqsədlərə nail olmaq prosesini sürətləndirməklə yanaşı, digərlərini də oxşar təşəbbüslərdə iştirak etməyə ruhlandırır. Beləliklə, "Azerbaijan Fish Farm" və AZANS-ın kollektiv məsuliyyəti və birgə fəaliyyəti təkcə səyləri artırmır, həm də planetimizi və onun sərvətlərini qorumaq üçün güclü hərəkat yaradır, həmçinin birlikdə daha çox şeyə nail ola biləcəyimizi göstərir.
"Azerbaijan Fish Farm" MMC haqqında
"Azerbaijan Fish Farm" MMC dayanıqlı akvakultura və ətraf mühitin mühafizəsi ilə məşğuldur. Nərə balıqlarının yetişdirilməsi və "Baku Caviar" brendi altında kürü istehsalı üzrə ixtisaslaşan şirkət qlobal bazarın tələblərinə riayət etməklə yanaşı, Xəzər dənizinin ekoloji tarazlığını qorumağa çalışır.
AZANS haqqında
"Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir. Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.