Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu il onminlərlə tələbə ilk dəfə ali məktəblə tanış olacaqlar. Ali təhsil müəssisələri ilə bağlı əsas məsələlərdən biri də nizam-intizam qaydalarıdır ki, hər bir tələbə buna mütləq şəkildə əməl etməlidir.
Bütün ali təhsil müəssisələrinin ümumi qaydalar xaricində özünün də daxili nizam-intizam qaydaları mövcuddur.
Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.
Bakı Slavyan Universitetindən (BSU) bildirilib ki, BSU-da mövcud olan daxili nizam-intizam qaydaları təhsil alan və təhsil verən şəxslərin etik davranış normalarını, hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir:
"Qaydalar, universitet daxilində nizam-intizamın qorunmasını, tədris prosesində sağlam və işgüzar mühitin formalaşmasını hədəfləyir. Eyni zamanda, universitetdə baş verə biləcək neqativ halların qarşısını almaq və tələbə kontingentinin mənəvi keyfiyyətlərini yüksəltmək məqsədi daşıyır.
Bu qaydalara əsasən, bütün təhsilalanlar qanunun aliliyi, bərabərlik, ədalət, humanizm və mədəni davranış prinsiplərinə əməl etməlidirlər. Eyni zamanda, nizam-intizam qaydalarını pozan təhsilalanlara xəbərdarlıqdan tutmuş universitetdən kənarlaşdırmaya qədər müxtəlif intizam tədbirləri tətbiq edilə bilər".
Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, universitet daxili, ümumi və qəbul olunmuş qaydalara əsaslanır.
Xəzər Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin 397 səhifəlik daxili nizam-intizam qaydaları var: "İstər əməkdaşlar, istərsə də tələbələr həmin qayda və qanunlara əməl etməlidirlər".
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən (AZMİU) qeyd edilib ki, AZMİU-da da daxili nizam-intizam qaydaları digər ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur:
"Azərbaycan Memarlıq və İnşaat Universitetinin daxili nizam-intizam qaydaları da var. Bu qaydalar daha yaxşı tədris prosesinin təşkil olunması, rəqabətədavamlı tədris mühitinin yaradılması və tələbələrə yüksək şəkildə təhsilin verilməsi, onların vətənpərvər sivil olaraq cəmiyyətə hazırlanmasına xidmət edir. Daxili nizam-intizam qaydalarımıza misal olaraq deyə bilərik ki, auditoriyada yüksək səslə danışaraq dərs prosesini pozulmasına imkan verilmir. Universitet ərazisində spirtli içkilərdən və tütün məhsullarından istifadə, universitet inventarına zərər verilməsi qadağan edilir. Ali təhsil müəssisəsində daxili hörmətə əsaslanan etik davranışlar göstərilməlidir. Bütün bu qaydalar daha yaxşı təhsil mühitinin yaradılmasına xidmət edir".
Azərbaycan Universitetindən verilən məlumata görə, universitetdə təhsil alan hər bir tələbə bəzi qaydalara riayət etməlidir:
"Tələbələr Universitetin Nizamnaməsinə, əsasnamələrinə, rektorun əmr və sərəncamlarına, Elmi Şuranın qərarlarına və digər qaydalara riayət etməli, universitetin əmlakını qorumalı, üzləşdiyi pozuntular haqqında Universitetin məsul işçilərinə məlumat verməlidir. Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, Universitetdə səliqə-sahmanın yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosesinin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, Universitet əməkdaşlarına qarşı diqqətli olmalı, hörmət etməlidir. Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər edilməməli, milli dəyərlərə hörmət edilməli, qorunmalıdır.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirilib ki, UNEC-in "Təhsilalanların Universitetdaxili İntizam Qaydaları" mövcuddur:
"Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil Haqqında" Qanununa, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına", "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli"nə və digər qanunvericilik aktlarına uyğun hazırlanıb. Qaydalar bərabərlik, ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və əsas məqsədi təhsilalanlar arasında təlim-tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır".
Qeyd edilib ki, qaydalar UNEC-ə qəbul olan bütün tələbələrin şəxsin elektron kabinetinə göndərilir.
Azərbaycan Texniki Universitetindən bildirilib ki, tədris prosesinin yaxşılaşdırılması üçün tələbələr üçün bir sıra qadağalar mövcuddur:
Mühazirə, məşğələ və laboratoriya dərslərində müəllimin dərsi aparmasına mane olmaq, dərs saatlarında üzrsüz səbəbdən dərslərdən yayınmaq, auditoriya, dəhliz və həyətdə səs-küy salmaq, dərs saatlarında mobil telefonlardan, musiqi pleyerlərindən və digər dərsə aidiyyəti olmayan cihazlardan istifadə etmək (Dərs başlayan kimi bütün mobil telefonlar söndürülməlidir), tədris binalarının, auditoriyaların, dəhlizlərin divarlarında yazı yazmaq, rəsm çəkmək, əmlakı korlamaq, hər hansı elan, reklam, informasiya və s. xarakterli vərəqələr yerləşdirmək ,universitetin bütün tədris binalarında və ərazisində tütün məmulatlarından (həmçinin elektron siqaretlərdən) istifadə etmək" bu qadağalara daxildir.
Rəylər