“Heç bilməzdim ki, ziyafətdən sonra bu qədər diqqət çəkəcəyəm. Mən hər bir sənət yoldaşımın uğuruna sevinirəm. Səhər açıldı, həmkarlarım və sıravi insanlardan çox gözəl və xoş mesajlar aldım. Hamı məni ziyafətdəki çıxışımla təbrik etdi. İnanın söz tapa bilmədim, ürəyim dağa döndü”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçımız tərəfindən “Gülüstan” sarayında verilən ziyafətdə çıxış edən Əməkdar artist Lalə Məmmədova Bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi mötəbər mərasimdəki çıxışı ilə bağlı sevinc hislərini bu sözlərlə ifadə edib:
“İki böyük ölkənin rəhbərləri və onların xanımlarının önündə çıxış etmək qürurvericidir. O məsuliyyətdən, həyəcandan ağlıma gətirə bilməzdim ki, bundan sonra bu mərhələ başlayacaq və hər kəs çıxışımla bağlı xoş sözlərini ünvanlayacaq. Bu mənim sənətimdə tarixi bir an, hadisə oldu. Heç gözləmirdim ki, gecə bitdikdən sonra onlar bizimlə gəlib görüşəcəklər. Mərasimdə olduqca səmimi ab-hava yaşanırdı. Biz musiqiçilər çox həyəcanlı idik. Hər zaman deyirəm ki, bir idmançılar, bir də musiqiçilər ömürlərinin sonuna qədər hər çıxışlarında özlərini sübut etməlidirlər. Dövlətlərin rəhbərləri tərəfindən bizim çıxışımız çox yüksək qiymətləndirildi. Konserti izləyənlər yazıb dedilər ki, hər şey muncuq kimi düzülmüşdü. Artıq-əskik heç nə yox idi”.
L.Məmmədova ziyafətdə niyə məhz “Sən Müşfiqin yanında qal, sənə qurban” mahnısını səsləndirməsini bu cür açıqlayıb:
“Ziyafətdə mən və sənət yoldaşlarım Rəcəb Tayyib Ərdoğanın sevdiyi nəğmələri səsləndirdik. Mənim oxuduğum Mikayıl Müşfiqin sözlərinə yazılmış “Sən Müşfiqin yanında qal, sənə qurban” mahnısı isə həm Azərbaycanda, həm də Türkiyə musiqi dünyasında əhəmiyyətli yer tutur. Düzdür, bu mahnının sözlərini türklər başqa cür dəyişib oxuyurlar, amma mən Mikayıl Müşfiqin orijinal yazdığı kimi oxudum. Seçim çox düzgün idi”.
Əməkdar artist bu çıxışının anası və qızları tərəfindən də çox bəyənildiyini vurğulayıb:
“Anam çıxışımı çox yüksək dəyərləndirdi. Təəssüfləndiyim məqam isə atamın yoxluğudur. Kaş ki, atam da sağ olardı və bunları görərdi. Amma bu günə də şükür. Demək qismətdə anamın bu anlara şahidlik etməsi idi. Böyük qızımın başı qarışıb “Son zəng"ə. Amma kiçik qızım təəccüb və heyrət içində söylədi ki, “Ana sən prezidentlərin önündə oxumusan”. Uşaqdır da... Amma inanın qızlarımın sevincinin həddi-hüdudu yox idi. Mənim də bu tarixi günə bir qatqım olduğuna görə çox sevincli və qürurluyam”.
Rəylər