"Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
"Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir" , - deyə G.Abbasova qeyd edib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proqnozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
Rəylər