Əməkdar artist Sevda Ələkbərzadə Türkiyədə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az-ın əməkdaşı konsertlə bağlı məlumat almaq üçün Əməkdar artistlə əlaqə saxlayıb.
Sevda Ələkbərzadə qarşıdakı tədbir haqqında maraqlı məqamları açıqlayıb. Sənətçi yanvarın 24-də İstanbulda “Zorlu Performans Sanatları Merkezi”ndə səhnəyə çıxacağını söyləyib:
“Zorlu” İstanbulun ən məşhur zalıdır. Artıq bu dəvəti türk musiqiçiləri tərəfindən neçə ildir alıram. Bir çox səbəblərə görə, gedib çıxa bilmirdim.
Qərara gəldik ki, yanvarın 24-də səhnədə yer alaq. Bu konsertdən iki il öncə caz ifaçısı, saksofonçu Anıl Şallıellə albomumuz çıxmışdı. Konsertdə albomdan kompozisiyalarımız səslənəcək. Mən öz albomlarımdan da məşhur mahnılarımı səsləndirəcəyəm”.
S.Ələkbərzadə səhnədə türk musiqiçiləri ilə ilk dəfə konsert verəcəyini qeyd edib:
“Səhnədə ilk dəfə türk musiqiçiləri ilə çıxış edəcəyəm. Adətən öz musiqiçilərim olurdu. İndi ilk dəfə türklərlə canlı konsert verəcəyəm. Çox maraqlıdır.
Türkiyənin etnik caz musiqisi, xalq musiqisinin cazla sintezi, Azərbaycan musiqisinin cazla sintezi səslənəcək. Türk musiqilərinin Azərbaycan musiqisi ilə belə sintezi olmayıb. Lakin ilk dəfə bu sintezi həyata keçirəcəyik. Dünya musiqi janrlarına müraciət edəcəyik. Canlı musiqi və canlı alətlər olacaq. Türkiyədə yaşayan soydaşlarımızın hər birini konsertə dəvət edirəm”.
Nəzrin Vahid
Rəylər