Son vaxtlar ildırımdüşmə halları çoxalıb. Hətta dünən ölkə ərazisində dörd nəfəri ildırım vurub, onlardan üçü həyatını itirib. Əvvəl ildırım ən çox bölgələrdə müşahidə olunardı, son vaxtlar Bakıda və Abşeron yarımadasında ildırım və şimşəklərin intensivliyi artıb.
Bu isə öz növbəsində müəyyən suallar yaradır. Məsələn, ildırım çaxmasının artmasının səbəbi nədir? Paytaxtda ildırımöturənlərin sayı kifayət qədərdirmi? Bakıda ildırımvurma ola bilərmi və s.
Yaranan suallarla bağlı ekspertlərə müraciət etdik.
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Oxu.Az-a açıqlamasında bildirdi ki, son günlər atmosferdə toz miqdarının artması və havanın rütubətli olması bu cür qısaqapanmalara və elektriklənmə hadisələrinin yaranmasına təkan verə bilər.
"Ötən gündən etibarən Bakı şəhərində atmosferdə yenə də transsərhəd toz kütlələri artıb. Ümumilikdə bütün respublika ərazisində son on gündür ki, tozlanma artıb. Bu tozun əsas mənbəyi isə Türkmənistan və İranın şimalıdır. Atmosferdə tozlanmaların artması və havanın rütubətli olması şəraitində belə qısaqapanmalar və elektriklənmə hadisələri daha tez-tez baş verir", - deyə ekspert bildirib.
Bakıda ildırımötürənlərin sayının kifayət qədər olub-olmamasına gəlincə, R.Abbasov qeyd edib ki, iri şəhərlərdə ildırımötürənlər, demək olar ki, bütün ərazini əhatə edir və sayları kifayət qədər olur:
"İldırım hadisələri daha çox açıq ərazilərdə baş verir. İldırım çaxanda, adətən, vətəndaşlar ya tək ağacın altında durur, ya da çöldə dayanıb telefonla danışırlar. Bunu qətiyyən etmək olmaz.
Əgər həmin vaxt sükan arxasındadırlarsa, həm avtomobili, həm radionu, həm də telefonu söndürməlidirlər. Çünki ildırım yaranan zaman Yer səthi ilə əlaqə saxlamağa çalışır və iti ucları olan, məsələn, şalban kimi obyektləri, hündür çardaqları və müşahidə məntəqələrini, tək və hündür ağacları daha çox vurur. İldırım zamanı qətiyyən radiodan istifadə etmək olmaz, evdə televizorları söndürmək lazımdır. Antenlərin yanında da dayanmaq olmaz".
Meteoroloq Cavidan Əliyev isə Oxu.Az-a açıqlamasında may-iyun aylarında ildırım və şimşək hallarının baş verməsinin normal hal olduğunu qeyd edib:
"Bildiyiniz kimi, bu hadisələr, adətən, ilin isti dövründə olur. Qışda çox nadir hallarda rast gəlinir. Bunun da səbəbi odur ki, ilin isti dövründə Günəş şüaları Yer səthini daha çox qızdırır. Yer daha çox enerji alır ki, bu da konduktiv axınların çoxalmasına səbəb olur. Yəni isti, rütubətli hava ilin bu fəslində çox gur şəkildə yuxarı qalxır.
Bu baxımdan, bu cür isti aylarda şimşək çaxması halları normaldır, sadəcə, qlobal istiləşmə ilə bağlı konduktiv axınlar daha da gücləndiyi üçün şimşək çaxması halları bir qədər artıb.
Ümumilikdə, şimşəyin çaxması üçün topa yağış buludunun əmələ gəlməsi lazımdır ki, o da doqquz, on, hətta on bir kilometr hündürlüyə kimi qalxa bilir. Qışda buludun qalınlığı iki, üç kilometr olur və şimşək çox nadir hallarda çaxır.
Bu da səbəbsiz deyil. Şimşəyin çaxması üçün belə bir qayda var ki, buludun yuxarı hissəsində temperatur, heç olmasa, mənfi 20 dərəcə olmalıdır.
Düşünə bilərsiniz ki, yayda nə mənfi 20 dərəcə? Ancaq o bulud o qədər yüksəkliyə qalxır ki, qeyd etdiyim kimi, səkkiz, doqquz, on kilometr və bəzən ondan da yüksəyə - o yüksəklikdə həmişə, hətta ilin ən isti dövründə belə, güclü şaxtalar olur. Ona görə qeyd edirəm ki, şimşəyin çaxması üçün temperatur, heç olmasa, mənfi 20 dərəcə olmalıdır".
"Paytaxtda ildırımötürənlərin sayının kifayət qədər olduğunu bilirəm. Bakıda ildırımvurma ola bilərmi məsələsinə gəlincə, bu, elə bir prosesdir ki, bundan heç kim sığortalanmayıb. Sadəcə, hər kəs təhlükəsizlik qaydalarına riayət etməlidir. Məsələn, belə hava şəraitində ən çox telefonlardan istifadə edirlər, amma bu, çox təhlükəlidir. Ənənəvi səhvlərdən biri də ağacların altında daldalanmaqdır. Bu da olmaz, çünki ağaclar ildırımı özünə çəkə bilir.
İldırım çaxması Bakıda çox tez-tez müşahidə olunmasa da, güclü ildırım çaxması halları olur. Burada ildırımçaxma hallarının il ərzində nisbətən az olmasının səbəbi odur ki, Bakı dəniz sahilindədir. Dəniz də öz növbəsində qalxan hərəkətləri bir qədər yavaşladır. Düzdür, bu o demək deyil ki, ildırım olmur, o deməkdir ki, ildırımçaxmaların sayını azaldır. Buna görə də Bakıda ildırımlı günlərin sayı nisbətən azdır. Güclü ildırım çaxmaları isə müşahidə olunub və olunacaq.
Ümumiyyətlə, şimşəkçaxma hallarının çox olması üçün, əsasən, dağlıq və dağətəyi ərazilər çox əlverişlidir, bir də aran rayonlarımız. Bu ərazilərdə Abşerona nisbətən daha çox ildırım çaxmalarının qeydə alınmasının səbəbi də dənizdən uzaq olmalarıdır. Dənizdən uzaq ərazilərimizdə qalxan hərəkətlər üçün, yəni konveksiya axınları üçün daha əlverişli şərait var", - deyə C.Əliyev vurğulayıb.
Bəs ildırımdan necə qorunmalı? Belə bir sualla Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu barədə nazirliyin saytında geniş izah verilib və insanların maariflənməsi üçün videoçarxlar çəkilib.
Son vaxtlar ildırımdüşmə halları çoxalıb. Hətta dünən ölkə ərazisində dörd nəfəri ildırım vurub, onlardan üçü həyatını itirib. Əvvəl ildırım ən çox bölgələrdə müşahidə olunardı, son vaxtlar Bakıda və Abşeron yarımadasında ildırım və şimşəklərin intensivliyi artıb.
Qurumun tövsiyələrinə görə, ildırım zamanı:
- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
- elektrik xətti, ildırımötürən, navalça və antenə yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan ən azı dörd metr aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;
- qrup halındasınızsa, aranızda ən azı 1,5 metr məsafə saxlayın.
Təhlükə zamanı "112"yə zəng edin.
Əzizə İsmayılova
Rəylər