Azərbaycanda keçirilən COP29 iqlim konfransında qeyri-adi bir qonaq - Filip Makmaster, yəni "Sustaina Claus" kimi tanınan Davamlı İnkişaf Santa Klausu iştirak edib. Filip vətəndaş hüquqları fəalı, keçmiş MBA professoru və ekoloji sahibkarlıq təşəbbüskarıdır. O, cəmiyyət, ətraf mühit və iqtisadiyyat arasındakı harmoniyanı simvolizə edən üç barmaq işarəsi ilə tanınır.
Oxu.Az-a danışan Davamlı İnkişaf Santa Klausu bildirib ki, 2015-ci ildəki tarixi Paris sammitindən başlayaraq 10 ildir Davamlı İnkişaf Məqsədləri (DİM) və Paris Sazişinin həyata keçirilməsi uğrunda mübarizə aparır. Lakin onun sözlərinə görə, 10 il sonra bəşəriyyət hələ də yerində sayır.
Filip ilk dəfə Azərbaycana səfər edib və ölkədən çox təsirlənib. Onun geyimində Azərbaycan bayrağı olan hədiyyə edilmiş nişan və zamanla köhnəlmiş DİM nişanı var - bu nişan "Reality Rooster" xoruzu və "Low Carbon Panda" pandası ilə birlikdə Everestə qalxarkən Santa Klausla olub.
"Dağa qalxmaq çox təhlükəli və çətin məşğuliyyətdir. DİM-ə nail olmaq da belədir. Bu çox çətindir. Amma görünür ki, biz bundan imtina edirik", - deyə Makmaster təəssüflə qeyd edib.
Onun fikrincə, dünya uşaqlıqdan və uşaqlardan imtina edir, bunsuz isə bəşəriyyətin gələcəyi yoxdur.
"Məhz buna görə kampaniyamız "Uşaqlığı yenidən əzəmətli edək" adlanır. Biz COP-da bununla məşğuluq. Biz burada cibimizə gedəcək pul üçün deyilik. Əsas məsələ sülhə nail olmaq, uşaqların öldürülməsini dayandırmaqdır", - deyə o əlavə edib.
"Sustaina Claus" bəzi Avropa liderlərinin COP29-da iştirakdan imtina etməsini "çirkin və nəzakətsiz" adlandıraraq tənqid edib.
"COP siyasət haqqında tədbir deyil və olmamalıdır. Mən daim deyirəm ki, bu, gələcəyimiz olan uşaqlıq və uşaqlar haqqında olmalıdır", - deyə o vurğulayıb.
"Dünyada böyük dəyişikliklər baş verir. Məsələn, ABŞ-də prezident seçkisi keçirilib. Çoxu soruşur ki, bu hadisə dünyanı düzəldəcəkmi? Xeyr, düzəltməyəcək. Bu vəziyyəti daha da pisləşdirəcəkmi? Heç vaxt bilməzsən. Bəlkə də yaxşı olacaq, amma dəqiq deyil. Məsələ ondadır ki, başqalarının sənin, ailənin və gələcəyin üçün qərar verməsinə icazə vermək olmaz. Hamımız oyanmalıyıq. Məhz buna görə mənimlə hamını reallığa qayıtmağa çağıran bu balaca axmaq xoruz oyuncağı var ", - deyə Davamlı İnkişaf Santa Klausu bildirib.
Makmaster, həmçinin bəşəriyyəti planetin qarşısında duran real problemləri - qlobal istiləşmə, quraqlıq, içməli su və ərzaq çatışmazlığını dərk etməyə çağırıb.
"Reallıq ondan ibarətdir ki, yer üzündə get-gedə daha isti olur, quraqlıq tüğyan edir və içməli su ehtiyatları azalır. Bu bizim üçün nə deməkdir? Get-gedə daha az qida. Biz bu problemləri həll etməliyik", - deyə o bəyan edib.
Sonda Filip öz torbasından ən sadə, lakin ən vacib hədiyyəni - ətrafındakı hər kəslə bölüşməyə çağırdığı səmimi təbəssümü çıxarıb. Bəlkə də dünyamızı bir az daha yaxşı etmək üçün məhz bundan başlamaq lazımdır.
Rufina Abdullayeva
Rəylər