Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan balaca Eldar evə buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.
"Tibb müəssisəsinin Təcili Yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağ tərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyünün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicəsi aparılan azyaşlı koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edildikdən sonra müalicəsi tibb müəssisəsinin Neyrotravma şöbəsində davam etdirilib.
Həmçinin, 1 həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxasının üz-çənə cərrahı, həkim Xəyal Aşurəliyev tərəfindən alt çənə sınıqlarının osteosintezi əməliyyatı icra edilib.
O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində sağlamlığına qovuşub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb".
Rəylər