General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib.
Oxu.Az yeni komandanın dosyesini təqdim edir:
Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdıb, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.
Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "general-mayor" ali hərbi rütbəsi verilib.
2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini - aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini - hava döyüş komandiri vəzifəsinə təyin olunub.
2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
İngilis və rus dillərini bilir.
Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən, "Hərbi xidmətlərə görə" medalı ilə, 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən, "Azərbaycan Bayrağı" ordeni ilə, 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.
9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.