Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
Suriyada son günlər şiddətli qarşıdurmalar yaşanır. Xüsusilə "Heyət Təhrir əş-Şam" (HTŞ) və Suriya Milli Ordusuna tabe olan müxaliflər Hələb və ətrafında böyük irəliləyiş əldə ediblər. Hələbin bəzi strateji əraziləri və 70-dən çox məntəqə müxalifətin nəzarətinə keçib. Bu, Əsəd rejiminin xəttində ciddi qırılmalar yaradıb və bölgədəki tarazlıqları dəyişib. Nəticədə rejim qüvvələri Hələb və ətrafında ciddi itkilər verib, bəzi silahlılar mövqelərini tərk ediblər.
Rusiya isə Əsəd rejiminə dəstək üçün müxalif qruplaşmalara hava zərbələri endirir, lakin bu, münaqişəni dayandırmaq üçün kifayət etməyib. Təbii ki, bu hadisələr Suriyada müharibənin yenidən alovlanacağı və regional aktorların prosesə daha fəal cəlb olunacağını göstərir. Türkiyə də sərhəd təhlükəsizliyi və regional sabitlik baxımından vəziyyəti yaxından izləyir. Bir sözlə, Suriyadakı hadisələr kifayət qədər mürəkkəbləşib. Hətta Suriya Türkmən Məclisinin sabiq sədri Abdurrahman Mustafanın rəhbərlik etdiyi Suriya Müvəqqəti Hökuməti Əsəd rejiminə hakimiyyəti onlar təhvil vermək üçün vaxt verib və ölkənin yenidən dirçəlməsi üçün bunun əsas şərt olduğunu bildirib.
Qeyd edim ki, Suriya Müvəqqəti Hökuməti (SGH) Suriyadakı müxalif qüvvələr tərəfindən yaradılan alternativ hökumətdir. O, ölkənin bəzi bölgələrinə nəzarət edir və Suriya müxalifəti adından Suriya Ərəb Respublikası Nazirlər Şurasına qarşı yeganə qanuni hökumət olduğunu iddia edir. Təbii ki, Suriyadakı mövcud vəziyyəti dəyərləndirərkən əsas tezislərə diqqət yetirmək lazımdır:
Hələb və ətrafında müxalifətin tərəqqisi
Müxaliflər Hələbin mühüm mahalları olan Azamiyə, Əşrəfiyə və Şəhba kimi strateji bölgələri nəzarətə götürüblər. Hələb vilayətinin mərkəzi binası da müxaliflərin əlinə keçib. Maraqlıdır ki, müxaliflər ələ keçirdikləri strateji obyektlərə Türkiyə bayrağı asır və Bəşər Əsədə mesaj ünvanlayırlar. Bu isə əbəs deyil. Çünki son iki ildə Türkiyə Əsəd rejiminə münasibətləri normallaşdırmaq üçün əl uzatsa da, Ankaranın əli geri çevrilib və görünən də odur ki, müxaliflər Əsədə Türkiyə ilə bir masa arxasında oturmamağın peşmanlığını yaşadırlar. Hətta rejim əleyhdarı olan silahlı qruplar İdlib və ətrafındakı mühüm məntəqələri də ələ keçiriblər. Bu bölgələr arasında Dəməşq və Hələbi birləşdirən M4 və M5 magistral yollarının keçdiyi kritik Saraqib bölgəsi də var.
Rusiya və İranın müdaxiləsi
Rusiya rejimə dəstək məqsədilə müxalifətin nəzarətində olan məntəqələrə hava zərbələri endirir. Döyüşlərdə İranın dəstəklədiyi proksi qüvvələr də iştirak edirlər, lakin onların da Hələb ətrafındakı mövqelərinin bir hissəsini tərk etdikləri bildirilir.
Türkiyənin mövqeyi
Suriyada söz sahibi olan güclərdən biri də Türkiyədir. Ankara baş verənləri yaxından izləyir. Buna əsas kimi Türkiyənin sərhəd təhlükəsizliyi, terrorçuların zərərsizləşdirilməsi və bu istiqamətdə əldə edilən razılaşmaların davam etdirilməli olduğu vurğulanır. Bu baxımdan, Türkiyənin bölgədəki vəziyyətlə bağlı yeni addımlar atacağı da istisna deyil. Çünki Suriya Müvəqqəti Hökuməti məhz Türkiyəyə yaxınlığı ilə bilinir.
Regional və beynəlxalq reaksiyalar
Bu hadisələr Suriyada müharibənin yenidən güclənəcəyi və beynəlxalq reaksiyaların artacağını göstərir. Rusiya və İran da mövqelərini itirməmək üçün prosesdə daha fəal iştirak edə bilərlər. Türkiyə isə terrorçulara qarşı yeni hərbi əməliyyatlara zəmin yaradan fürsəti əldən verməyəcək. Həmçinin, İran da Suriyada baş verən proseslərdə əsas aktor kimi seçilir və rejimə dəstək strategiyasını davam etdirir. Bununla belə, son münaqişələrdə bəzi bölgələrdə İranın dəstəklədiyi silahlı birləşmələrin geri çəkilməsi Tehranın təsirlərini şübhə altına alır.
Bu baxımdan, İranın mümkün reaksiyaları diqqət çəkir.
Rəsmi Tehran Əsəd rejimini dəstəkləməyə davam edəcək
İran Əsəd rejiminin varlığını davam etdirməsini özü üçün strateji prioritet hesab edir. Buna görə də proksi qüvvələrinin sayını artırmaq və maddi-texniki dəstək verməklə rejimə yardım etməyə davam edəcək. Həmçinin, Hələb və ətrafında itirilən əraziləri geri almaq üçün İran Rusiya ilə koordinasiyanı intensivləşdirə bilər.
Diplomatik həmlələr
İran Rusiya və Türkiyə ilə Astana prosesi kimi əməkdaşlıq platformalarında Əsəd rejimini qoruyacaq siyasi həll yollarını axtarmağa çalışacaq. Bununla belə, Türkiyənin İdlib və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri İranın fəaliyyətini məhdudlaşdıra bilər. Qeyd edim ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. 2023-cü ildə Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb.
Müqavimət qruplarının fəaliyyətlərini artırması
İran Suriyadakı şiə qruplaşmaları vasitəsilə rejim qüvvələrini dəstəkləməyə və müxalifətə qarşı proksi müharibə aparmağa davam edəcək. Bu qruplar İranın regionda təsirini artırmaq üçün mühüm vasitə kimi istifadə olunur.
Regional nəticələr
İranın regionda artan rolu İsrail və ABŞ-ni daha aqressiv addımlar atmağa sövq edə bilər. Xüsusilə də İsrail İranın silahlı qruplaşmalarının mövqelərini hədəfə ala bilər.
ABŞ-nin mövqeyi - hərbi müdaxilə, İran və Rusiyaya münasibət və humanitar yardım
ABŞ İran və Rusiyanın təsirini azaltmaq üçün iqtisadi sanksiyaları artıra və müttəfiqlərinə silah dəstəyi verə bilər. Habelə BMT vasitəsilə, xüsusilə Hələb və İdlib ətrafındakı mülki şəxslərə humanitar yardımın artırılmasını tələb edə bilər ki, bununla, əslində, prosesə müdaxilə imkanlarını daha da artırsın.
Avropanın rolu və qaçqın problemi
Avropa müxalifətin irəliləyişinin yeni miqrasiya dalğasına səbəb ola biləcəyindən narahatdır. Buna görə də Türkiyə ilə əməkdaşlığı davam etdirmək və sərhəd bölgələrində sabitliyin qorunması üçün diplomatik səyləri dəstəkləmək istəyir. Çünki qaçqın problemin Avropanı narahat edən əsas amillərdəndir. Əslində isə təməlini atdıqları problemin içində boğulurlar.
Qərbin ənənəvi siyasəti - rejimə təzyiq və Türkiyə ilə əməkdaşlıq
Qərb üçün, digər ərəb ölkələrində olduğu kimi, hökuməti devirmək prioritet məsələdir. Lakin bu istiqamətdə birbaşa müdaxilədən daha çox, Rusiya və İrana qarşı iqtisadi və diplomatik təzyiqlərin artırılmasına diqqət yetirilir. Çünki Əsədi devirmək üçün ilk növbədə sözün əsl mənasında onun qol-qanadını qırmaq lazımdır. Avropa və ABŞ Türkiyənin bölgədəki rolunu tanıyır, ona görə də Ankara ilə daha sıx əməkdaşlıq etməyə cəhd oluna bilər. Bu vəziyyət yeni humanitar böhran yaradarsa, çox güman ki, Qərb dövlətləri prosesə daha aktiv şəkildə müdaxilə edəcəklər. Bəs bütün bunların fonunda Suriyadakı son hadisələr necə nəticələnə bilər? Təbii ki, bu, bir çox amillərdən asılıdır. Lakin mövcud dinamika bir neçə mümkün ssenarini gündəmə gətirir:
1. Müxalifətin uğuru və Əsəd rejiminin zəifləməsi
Qısamüddətli perspektivdə müxalif qruplar Hələb və ətraf ərazilərdə nəzarəti artıraraq, rejimin digər bölgələrdəki hakimiyyətini də zəiflədə bilərlər. Bu vəziyyət rejimə beynəlxalq təzyiqləri artıra və danışıqlara yol aça bilər. Uzunmüddətli perspektivdə isə rejim kritik bölgələri itirərsə, bu, Bəşər Əsədin siyasi gələcəyini sual altına qoyacaq. Lakin Rusiya və İranın dəstəyi ilə rejim bir az da hakimiyyətdə qala bilər.
2. Rusiya və İranın müdaxiləsi ilə rejimin gücləndirilməsi
Rusiya və İran hərbi dəstəyini artırsa, rejim əks-hücuma keçərək itirdiyi əraziləri geri ala bilər. Lakin bu, münaqişələrin daha da intensivləşməsinə və yeni humanitar böhranlara səbəb ola bilər.
3. Genişmiqyaslı regional münaqişə ehtimalı
İranın artan müdaxiləsi və buna cavab olaraq İsrailin hücumlarını gücləndirməsi regional miqyasda daha böyük münaqişəyə səbəb ola bilər. Bu vəziyyət həm Suriyada, həm də onun ətrafında qeyri-sabitliyi daha da artıracaq.
4. Siyasi həll yolları
Əgər beynəlxalq ictimaiyyət və regional aktorlar siyasi həll üçün daha ciddi addımlar atsalar, yenidən Astana prosesi və ya Cenevrə konvensiyası ilə kompromis əldə oluna bilər. Bununla belə, bu ssenari üçün bütün tərəflər güzəştə getməyə hazır olmalıdırlar ki, bu da hazırda mümkün görünmür. Suriyanın gələcəyi həm meydanda baş verən proseslərin gedişatından, həm də beynəlxalq və regional aktorların tutduğu mövqelərdən asılıdır.
Mərahim Nəsib