İki gündür, Azərbaycan-Ermənistan şərti sərhədinin iki istiqaməti - Zəngilan və Tovuz hərbi insidentə şahidlik edir.
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra sərhəd boyunca beş ay müddətində müşahidə edilən sakitliyin pozulmasının üç mümkün səbəbi var.
Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi barəsində fikir ayrılıqları Cənubi Qafqazda artan geosiyasi iştahalar fonunda daha da dərinləşir.
İkincisi, hadisə Fransanın Ermənistana dəstəyi, hərbi məsləhətlərinin işığında meydana gəldi ki, bu da kənar təsirlərdə Parisin qabarıq rolunu vurğulamağa imkan verir.
Üçüncüsü, Azərbaycanla Ermənistan Avropa İttifaqı platformasında növbəti üçtərəfli görüş üçün hazırlıq mərhələsində idilər. Ən azından, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı bu fikri söyləməyə əsas yaradır.
Bu üç yanaşma fonunda Rusiya regionda rəqiblərinə yer verməməyə çalışırdı və bunun müşayiətində sərhəddə təxminən beş ay davam edən nisbi sakitlik öz yerini atışmalarla əvəzlədi.
Bunların “silahlı fazadakı” dar izahını versək, iki variantı diqqətdə saxlamalıyıq.
Hadisələrin hərbi nöqteyi-nəzərdən məntiqi belədir ki, Ermənistan Azərbaycanın nəzarət etdiyi əlverişli yüksəklikləri və postları ələ keçirməyə cəhd göstərir.
Hərbi baxımdan Azərbaycanın ata biləcəyi adekvat addım isə bu idi ki, sərhədin Ermənistan tərəfindən açılan atəş nöqtələrini susdursun.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində törətdiyi təxribata cavab olaraq keçirdiyi “Qisas əməliyyatı” hadisələrin hərbi cavab tələb edən ölçülərini ətraflı izah edir.
“Qisas” nəticəsində:
- Ermənistan bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
- Son açıqlanan rəqəmlərə görə, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Gələk ikinci istiqamətə, Ermənistan ordusu Azərbaycan Ordusunun Tovuzun Koxanəbi kəndi istiqamətində yerləşən mövqelərinə atəş açıb. Bu, necə deyərlər, Ermənistanın iki fərqli cəbhəni indiki məqamda çərçivəli silahlı münaqişə arealına çevirmək arzusunu ifadə edir.
Sonrakı mərhələdə isə yəqin ki, Ermənistan Azərbaycanı genişmiqyaslı provokasiyaya çəkmək planını işləyəcəkdi. Dəxli yoxdur ki, bu prosesin əsl ideya müəllifi kimdir, nəticədə hərbi avantüranın məsuliyyətini Ermənistan daşıyır.
Belə olduğu təqdirdə, Koxanəbi istiqaməti ilə bir məqamın vaxtı yetişmiş kimi görünür. Söhbət Azərbaycanın Koxanəbi kəndini təhlükədə saxlayan yüksəkliklərə nəzarət etməsi planı ola bilər ki, Bakı üçün indi bu, aktual çağırış kimi səslənir.
Hadisələrin iki tərəf arasındakı geosiyasi rıçaq qazanmaq bucağındakı məramını isə belə açıqlamaq mümkündür. Ermənistan mümkün danışıqlardan əvvəl regional reallıqların kontekstinə əl gəzdirmək barədə düşünərək hərbi-taktiki nəticə əldə edəcəyini hesablayıb.
Lakin Azərbaycan İrəvanın bu hesab-kitabını pozdu. Yəni Bakı yeni məhv edilmiş erməni postlarının “dağıntıları”ndan Ermənistanı daha böyük güzəştə məcbur etmək üçün istifadə edəcək.
Aqşin Kərimov