“13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.
“Ali nümayəndə Jozep Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.
Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməniəsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur.
Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür.
Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir”, - deyə nazirlik qeyd edib.