“8 fevral 2024-cü il tarixində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə çıxışına münasibət bildirərkən deyib.
O bildirib ki, bu çıxış Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir:
“Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir.
Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir.
Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək”.