"Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq miqyasda dialoq, təcrübə mübadiləsi və aktual məsələlərin müzakirəsi üçün uğurlu alternativ platformadır".
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvada MDB dövlətlərinin "Dəyişən dünyada medianın inkişafı" adlı III media forumunda "Baku TV"nin direktoru Ramin Cəfərov deyib.
"Şuşa Media Forumu minə yaxın jurnalisti bir araya gətirdi, tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV nümayəndələri ilə görüşdü. Gələcək məhz bu cür forumlarındır, burada həmkarlarla ünsiyyət qura və təcrübə mübadiləsi edə bilərik", - R.Cəfərov bildirib.
O, həmçinin süni intellekt mövzusuna toxunub və bunun bir çox sahələrdə fəal şəkildə tətbiq edildiyini vurğulayıb.
R.Cəfərovun sözlərinə görə, müxtəlif platformalarda sözügedən mövzuda çoxlu müzakirələr aparılıb, lakin hələ də dünyada onun bəzi sahələrdə faydalılığı ilə bağlı yekdil rəy yoxdur:
"Əslində, 1990-cı illərdə kompüterlər həyatımıza tam daxil olanda biz yeni cihazı idarə etmək üçün müvafiq mütəxəssisləri cəlb etmişdik, hesab edirəm ki, indi də savadlı, süni intellektlə işləyə bilən gəncləri cəlb etməliyik".
"Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq miqyasda dialoq, təcrübə mübadiləsi və aktual məsələlərin müzakirəsi üçün uğurlu alternativ platformadır".