"Fransa hökuməti fransız polineziyasında 1966 və 1996-cı illərdə 193 nüvə silahı testi aparıb. Bu da həmin ərazilərin çirklənməsinə gətirib çıxarıb. Bu fəaliyyət yerli icmanın da sağlamlığına ciddi şəkildə mənfi təsir göstərib. Bu sınaqlar ekosistemdə radiasiyanın qalması, dəniz və qurudakı həyata təsir göstərərək torpaq və suyun ciddi şəkildə çirklənməsi ilə nəticələnib. Xərçəng və radiasiya ilə əlaqəli xəstəliklərlə bağlı hesabatlardan görünür ki, yerli icmaların sağlamlığı ciddi şəkildə pisləşib, biomüxtəliflik, regionların ekoloji tarazlığı pozulub".
Oxu.Az xəbər verir ki, bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə Milli Məclisin deputatı Ramid Namazov deyib.
O, panel iştirakçılarına problemin həlli ilə bağlı sual ünvanlayıb:
"Kiçik ada dövlətlərinin sammiti zamanı biz bu dövlətlərin liderlərini dinləmək və iqlim dəyişikliyinin həmin adalar üçün yaratdığı ekzistensial təhlükə ilə bağlı onların narahatlıqlarını eşitmək şərəfinə nail olduq. Eyni zamanda, bəzi kiçik adaların müstəmləkəçilik irsi ilə mübarizə apardığını etiraf etmək də vacibdir. Oxşar proses bütün kolonializm ərazilərində gedir. Ona görə də, həmin ərazilərdə iqlim strategiyaları həyata keçirilməlidir. Parlamentlərarası İttifaqı bu məsələnin həllində hansı rol oynaya bilər?"
Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql isə suala cavab olaraq bildirib ki, bu kimi məsələlər konfransın yekun nəticəsində həllini tapacaq. Çünki ədalətli qanunların həlli birinci işimizdir. Biz burada həmin insanların təcrübələrini nəzərə almalı və buradakı parlamentarilər ölkələrinə qayıdandan sonra hökumətləri ilə danışaraq yekun sənəd əldə etməyə çalışmalıdırlar.
Mərahim Nəsib