Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Qərbin məqsədi Gürcüstanı vassala çevirməkdir" - Cənubi Qafqazda yeni gərginlik formalaşır?
"Biz 2008-ci ildə Gürcüstanda rəngli inqilab ssenarilərinin necə işə salındığının, bunun dalğasında Gürcüstanın ərazi bütövlüyü ilə bağlı necə problemlərin yarandığının və daha sonra baş verən qısamüddətli müharibə nəticəsində Gürcüstanın az qala dövlət müstəqilliyinin itirilə biləcəyinin şahidi olmuşuq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu prosesi müşahidə edən və nəticə çıxaran hər kəs çox yaxşı başa düşür ki, Gürcüstanda mövcud olan və uzun illərdən bəri Qərb tərəfindən maliyyələşdirilən bir sıra təxribatçı qüvvələrin niyyəti, əslində, bu ölkəni vassala və yaxud bir əyalətə çevirməkdən ibarətdir:
"Gürcüstanın Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvilinin hələ seçkidən əvvəl Avropa İttifaqının (Aİ) yüksəkrütbəli rəsmiləri ilə keçirdiyi görüşdə onların səsləndirdikləri təkliflə bağlı ifadə etdiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin vaxt İvanişvilinin adını çəkmədiyi Aİ-nin yüksəkrütbəli rəsmisi ona Rusiya ilə qarşıdurmaya getməyi təklif edib. Ona sual olunanda ki Gürcüstan əhalisi azdır və Rusiya ilə döyüşmək qabiliyyəti yoxdur, cavab verilib ki, qısa müqavimətdən sonra meşələrə qaçarsınız. Daha sonra Gürcüstan əhalisinin üç milyon olduğu xatırladılıb, cavab olaraq onların bir hissəsinin həlak olmasının gürcü xalqının itirilməsi anlamına gəlmədiyi kimi qələmə verilib. Əslində, bu proses bir daha Qərbin rəngli inqilab ssenarilərinin müəlliflərinin insan taleyinə necə yanaşdığını, onlara, sadəcə, canlı qüvvə kimi münasibət bəslədiyini göstərən faktorlardan biridir".
"İndiki şəraitdə Gürcüstan Prezidenti Salome Zurabişvilinin həyata keçirmək istədiyi prosesin qarşısını ala biləcək qüvvələrin sayı və potensialı yetərincədir. Zurabişvili özünü xarici təsir agentlərinin rəhbəri kimi aparır, Gürcüstan prezidenti kimi yox. Bu davranışlar, əslində, onun prezidentlikdən getməsinə zəmin yaradan amillərdən biridir. Məsələ ondan ibarətdir ki, bu prosesin Zurabişvili tərəfindən aktiv şəkildə ifadə olunmasının və davamlı şəkildə gündəmdə saxlanılmasının səbəblərindən biri də tezliklə Gürcüstanda prezident seçkisinin keçirilməsi ilə bağlıdır. O, çox yaxşı başa düşür ki, seçkidə məğlub olacaq, çünki artıq uğursuzluğa düçar olub və bu zaman onu Gürcüstanın dövlət müstəqilliyinə qarşı çıxış etdiyinə görə ciddi cəza gözləyir. İndiki şəraitdə Zurabişvilinin dırnaqarası mübarizəsinin təməlində həm də sərvətinin qorunması dayanır ki, bu proses də açıq şəkildə göz qabağındadır. Düşünürəm ki, bütün bu proseslərin Qərb üçün arzuolunan nəticəsi baş verməyəcək", - deyə deputat fikrini yekunlaşdırıb.
Siyasi şərhçi Sahil Kərimli də Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər Qərbin yenidən Gürcüstanda gedən proseslərə müdaxilə halları açıq-aydın görünür:
"Qərb dairələri Gürcüstanda keçirilmiş parlament seçkisinin nəticələrinin ləğv olunması istiqamətində bir qrup şəxsin etiraz aksiyalarına cəhd etməsinə şərait yaradırlar. Gürcüstanda prosesləri qarışdırmaq cəhdləri yenə də Qərb dairələri tərəfindən davam etdirilir. Qərbin - Avropa İttifaqına üzv olan bir çox ölkələrin əsas məqsədi Gürcüstanda hakimiyyət üzərində nəzarəti yenidən bərpa etmək və bununla da Cənubi Qafqazda baş verən proseslərdə öz varlıqlarını qoruyub-saxlamaqdan ibarətdir. Amma gürcü xalqının iradəsinə qarşı atılan bu cür neqativ və zərərli addımlar heç bir nəticə verməyəcək. Çünki gürcü xalqı sonuncu parlament seçkisində öz siyasi iradəsini açıq şəkildə bəyan etdi və Gürcüstanın gələcək siyasi kursunun yeni başlanğıcı start götürdü. Bir sözlə, gürcü xalqı öz gələcəyini müəyyən etdi".
"Ümumiyyətlə, son vaxtlar Gürcüstanın müstəqil siyasi kurs həyata keçirməsi istiqamətində cəhdlərinin şahidi oluruq. Amma təəssüf ki, Qərbin əlində alətə çevrilən Gürcüstanın bəzi siyasi dairələri, hansı ki onlar bu gün də Gürcüstanda fəaliyyət göstərirlər, onlar yenidən Gürcüstanda vəziyyəti gərginləşdirməyə, Qərbin istəklərini həyata keçirəcək bir hakimiyyət formalaşdırmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər. Çünki artıq proseslər tam məntiqi nəticəsinə gəlib çatıb, Gürcüstan öz gələcək siyasi xəttini müəyyən edib və gələcəkdə də bu siyasi kurs uğurla davam etdiriləcək", - şərhçi əlavə edib.
Mərahim Nəsib
"Gürcüstan" teqi üzrə xəbərlər
- Kobaxidze: "Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək"
- Gürcüstanın Bolqarıstandakı səfiri iqtidarın siyasətinə etiraz olaraq istefa verib
- Kobaxidze: "2028-ci ilin sonunadək Aİ ilə danışıqları dondurur, qrantlardan imtina edirik"
- "Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər
- Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi