Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qanlıda qəribə quruluşlu Alban məzarlığında kim dəfn olunub?" adlı bugünkü buraxılışda Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Qanlı kəndinin tarixi, irsi, inancları, adətləri, abidələri, toponimləri araşdırılıb.
Bildirilir ki, Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. "Dədə Qorqud" dastanını təşkil edən 12 türk boylarından biri "Səlcuq" türklərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. Kəndin adı 3 dəfə dəyişdirilib. Qanlı adı 1946-cı il avqustun 12-nə kimi olub. Kəndin ikinci adı olan "Qamışlı" sözünün mənası isə kəndin alt hissəsində yerləşən böyük Torf mədənində bitən qamışlığın adı ilə bağlıdır. Həmin ad 1976-cı ilə qədər olub. Kəndin üçüncü adı olan Torfavan sözünün mənası kəndin alt hissəsində yerləşən böyük Torf mədəninin adı ilə bağlıdır. Bu adın kəndə verilməsinin əsas səbəbi erməni daşnaqlarının apardıqları antitürk siyasətinin təsiri nəticəsində olub.
Qeyd olunur ki, kəndin mərkəzindəki qədim qəbiristanlıq burada ta qədimdən insanların yaşamasına sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin alban türklərinə məxsusluğuna bir nişanədir. Alban daş abidələri, qəbirlər azərbaycanlılar 1988-ci il Ermənistandan deportasiya olunandan sonra dağıdılıb.
Süjetdə Qanlıdakı qəribə quruluşlu Alban məzarlığında kimin dəfn olunmasından, ermənilərin ad saxtalaşdırma yolu ilə türk izlərini silməsindən, kənd sakinlərini məscidə yığıb od vurmasından, 1918-ci ildə baş verən Göyçə və Dərələyəz qətliamından bəhs olunur, hadisələr zamanı sağ qalan bir şahidin gözünün önündə bütün ailəsinin, qohumlarının məsciddə yandırılmasından, erməni həkimlərin kənd ziyalılarını əməliyyat vaxtı necə öldürməsindən kədərlə danışılır.
Bundan əlavə, Qanlı kəndində 1918, 1948, 1988-ci illərdə törədilən hadisələrə, ilin hansı günündə "lal su"ya batırılan çöplərin qovuşması zamanı insan bəxtinin açılmasına və digər maraqlı məqamlara aydınlıq gətirilir.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.