Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Hay katolikosundan etiraf: "Biz albanların quluyuq" adlı veriliş efirə gedib.
Verilişdə tarixçi alim Ramin Əlizadə Atropatena və Alban dövlətlərinin yaranma tarixindən söz açır.
Bildirilib ki, albanların Kür çayının sağ sahilində, hələ eradan əvvəl 8-ci əsrin ortalarında yaşadığını, eləcə də eradan əvvəl 743-cü ildə tayfa ittifaqı formalaşdırıb Qərbi Azərbaycan ərazisində yaşadığını sübut edən tutarlı dəlil mövcuddur.
Onun sözlərinə görə, Urartu kitabələri utilərin bir neçə hökmdarının və şəhərinin olmasını, Göyçə gölünün qərbindən ta müasir Qars bölgəsinə qədər, Ağbaba, Şörəyel, Dərəçiçək mahalları, hətta Çıldır gölünə qədər böyük bir coğrafiyanı əhatə etdiyini təsdiqləyir.
R.Əlizadə deyib ki, Azərbaycan ərazisində Albaniya, Atropatena məhz saqların, iskitlərin qədim dövlətçilik ənənəsinə əsaslanıb: "Erməni keşişləri orta əsrlər dövründə Alban tarixi əsərinə ermənilər haqqında uydurma rəvayətlər daxil edirdilər ki, erməni xalqı ilə alban xalqının tarixini eyniləşdirsinlər, bunların bir kökdən olduğunu əsaslandırsınlar. Əlbəttə, bu cəfəngiyatı hələ 70 il bundan öncə sovet dövründə yaşamış albanşünas Trever müəyyən etmişdi. Bundan sonra aparılan tədqiqatlarda şübhəsiz ki, biz erməni və alban mədəniyyətlərinin tamam bir-birinə yad mədəniyyət olduğunu, hətta xristianlığı Albanların ermənilərdən 270 il əvvəl qəbul etməsi "Alban tarixi" əsərində qeyd olunur".
Süjetdə Alban hökmdarlarının mənşəyi haqqında dəqiq məlumatlar verilib, ermənilərin Arşakilər adını təhrif edib, Arsak qoymasının əsl səbəbindən, Alban hökmdarı Vaçaqanın Qarabağda kilsə tikdirməsindən, Atropatın Azərbaycan tayfalarına - albanlara, sakasenlərə, madalara, kudusilərə başçılıq etməsindən, hayların yunan tarixçisinin adını, əsərini dəyişdirib, öz müəllifləri kimi təqdim etməsindən, eləcə də hay katolikosunun albanların qulu olduqlarını etiraf etməsindən danışılır.
Tarixçi vurğulayıb ki, Atropatena öz başlanğıcını İskit coğrafiyasından götürüb: "Şərqi Anadolu hayların Vətəni deyil. Haylar Mesopotamiyaya gəlib, Aramey yurduna giriblər, Əhəmənilər onlara "Armina" deyirdilər. Haylar zəlzələ vaxtı yerlə-yeksan olan şəhərlərə girib, orada yaşayıb, oranı haylaşdırıblar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Hay katolikosundan etiraf: "Biz albanların quluyuq" adlı veriliş efirə gedib.