Hər birimiz müharibə haqqında müxtəlif yollarla öyrənirik. Kimsə veteranların hekayəsindən, kimsə filmlərdən, kimsə şəhidlərin taleyindən, kimsə yazıçıların kitablarından... Müharibə və qələbə mövzusu həmişə ədəbiyyatda mühüm yer tutur. Yazıçı və şairlər tez-tez tarixin bu dövrünə müraciət edirlər. Forma və janrdan asılı olmayaraq, bütün əsərləri "ürək yaddaşı", müharibə haqqında həqiqəti söyləmək, qəhrəmanlığın mahiyyətini göstərmək istəyi birləşdirir.
Azərbaycanın tarixində Birinci və İkinci Vətən müharibələri mühüm əhəmiyyətə malikdir. Hər iki müharibə haqqında ədəbiyyat yazılıb. İkinci Vətən müharibəsi, 44 günlük savaş, möhtəşəm Zəfərimizə həsr olunan incəsənət nümunələri də yaranır. Hərçənd bəzən əsərlərin az yazılması və ya təbliğatının olmaması gileyi də eşidilir.
8 Noyabr - Zəfər bayramı - qələbənin dördüncü ildönümü ərəfəsində müharibə, qələbə mövzusunda yazılan əsərlərlə maraqlandıq.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Müəyyən müddət ötməlidir
Publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, belə qlobal hadisələri ədəbiyyata gətirmək, ədəbiyyatın faktına çevirmək üçün üstündən müəyyən qədər vaxt ötməlidir: "Bu, ədəbiyyatın qanunlarından biridir. Tolstoyun "Hərb və sülh" romanı birdən yazılmayıb ki... 1812-ci il müharibəsindən neçə illər sonra qələmə alınıb. İkinci Dünya müharibəsi dövründə də bizim Azərbaycan ədiblərinin ən yaxşı əsərləri davadan bir müddət keçəndən sonra yaranıb. Mənə elə gəlir ki, hazırda bizdə də bu proses gedir, amma bədii əsərlərdən daha çox bədii-sənədli əsərlər yazılır. Bədii əsərlərin yazılması üçün aradan müddət keçməlidir. Cəmi 2-3 il ərzində onlarla kitab, şəhidlər haqqında sənədli romanlar yazılıb. Bu proses bundan sonra da davam edəcək. Bu baxımdan, vəziyyət o qədər də xoşagəlməz deyil". N.Əbdülrəhmanlı hesab edir ki, yazılan əsərlərin müəyyən təbliğatı gedir, amma total təbliğata çevrilməsi üçün prosesi yönləndirən qurum lazımdır: "Yəqin ki, bu prosesi Yazıçılar Birliyi və Ədəbiyyat İnstitutu edə bilər. Güman edirəm ki, müəyyən vaxt keçdikcə əsərlərin say və keyfiyyət etibarı ilə artımı gözlənilir".
"Yazıçıları qınayırlar ki, niyə yazmırlar?"
Dramaturq Firuz Mustafa oxu mədəniyyətinin aşağı olmasından gileylidir: "Yazılan əsərlərlə bərabər, müharibə, zəfər mövzusunda səhnələşdirilən tamaşalarımız da var. Mənim də bu mövzuda yazdığım əsər səhnələşdirilib. Yazıçılar Birliyində bu mövzuda görüşlər də keçirilir". Yazıçı bildirir ki, onun "Payız meşəsində vals" adlı əsəri bir neçə il əvvəl Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə birinci yerə layiq görülüb: "Nazirlik həmin əsəri teatrlara tövsiyə etsə də, indiyə qədər heç bir teatr bu əsərə diqqət yetirməyib. Uşaqlar üçün "Günəşi qoruyanlar" və "Qaranlığı qovanlar" adlı iki pyesim Elm və Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin qərarına əsasən tərtib etdikləri kitabda çap olundu. Bu əsərlərdə müharibə dövründə və zəfər günlərində sərhəd zonasında yaşayan məktəbyaşlı uşaqların başlarına gələnlərdən bəhs edilir". F.Mustafa gileylənir ki, Vətən müharibəsi mövzusunda yazılan əsərlərə aidiyyəti qurumlar lazımınca diqqət yetirmirlər: "Yazıçıları qınayırlar ki, niyə yazmırlar? Amma əlaqədar təşkilatlar yazılan əsərlərin ekranlaşdırılmasına və səhnələşdirilməsinə diqqət göstərməlidirlər. Sovet dövründə yazılan əsərlər əsasında filmlər çəkilirdi. Məgər indi yazıçılar zəifdir? İndi texniki imkanlar daha da genişlənib. Vəsait ayrılsa, tərəfkeşlik və yankeşlik olmasa, nə qədər kino çəkmək istəyənlər çıxar. Sadəcə, oxuyan, çəkən və təbliğ edən yoxdur. TV-lər şou proqramlarla baş qatırlar, əsas problemlər kənarda qalır".
Poeziyamızda ayrılığın Şuşa-Qarabağ körpüsü vardı
Tənqidçi Vaqif Yusiflinin fikrincə, Azərbaycan poeziyası ədəbiyyatın hər mərhələsində ölkədə gedən prosesləri əhatə edir. "Şeir ədəbiyyatın ən həssas nöqtəsidir. Poeziyamızda ayrılığın, həsrətin Şuşa-Qarabağ körpüsü vardı. O körpünü keçib bu həsrətə son qoymaq vaxtı yetişdi - 44 gün kifayət elədi ki, bütün ayrılıqlar, həsrətlər sona yetdi. Əlbəttə, poeziya susmurdu, içində ara-sıra pessimizm halları göyərsə də, digər tərəfdən qələbəyə ümid şölələri də saçmaqdaydı. Bu gün poeziyamızda qələbədən doğan nikbin əhval-ruhiyyə yaşanmaqdadır. Xüsusilə, Şuşa canlı bir obraz kimi şeirimizin baş qəhrəmanına çevrilməkdədir". Tənqidçi bildirir ki, nəşriyyata "Qarabağ: poeziyada və nəsrdə" kitabını təqdim edib: "Bu kitabda həmin proseslərə reaksiya verən əsərlər haqqında yazmışam. Elə bir şair tapmaq olmaz ki, bu hadisələrdən yazmasın".
Əsərlərin təbliğatı zəifidir
"Desək ki, bu mövzuda şedevrlər yaranıb, bu, şişirtmə olar", - deyən AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin sözlərinə görə, şair və yazıçılarımız, dramaturqlarımız bu mövzuda müəyyən ədəbi uğurlara imza atıblar: "Ramiz Qusarçaylının "Vətən poeması"nda Azərbaycan tarixi, Vətən müharibəsindən tutmuş bu günümüzə qədər hadisələr öz bədii həllini tapıb. Dramaturgiya sahəsində İlqar Fəhminin "Balaca kişilər" əsəri Qarabağ müharibəsində canlarını qurban verən gənclərin qəhrəmanlığına həsr olunub. Bu əsər Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub və Qarabağ mövzusunda səhnəyə gələn ən uğurlu işlərdən biridir. Nəsr sahəsində Etibar Muradxanlının Şuşanın alınması prosesini təsvir edən "Beşinci fəsil" povestinin əsasında sanballı bir film də çəkmək olar. Nazilə Gültacın "Şəhid atası" əsəri arxa cəbhə adamlarının qəhrəmanlığına həsr olunub. Bu əsərlərin hər ikisi Qarabağ zəfərinə həsr olunan Yusif Səmədoğlu adına nəsr müsabiqəsində birincilik qazanıb. Bunlardan əlavə, çoxlu ədəbiyyat adamlarımız da var ki, Qarabağ mövzusunda qələmlərini sınayıblar. Mənə elə gəlir ki, ən yaxşı əsərləri hələ bu gün uşaqlığını yaşayan gələcəyin yazıçıları yazacaqlar". Tənqidçi hesab edir ki, yazılan əsərlər bir qədər kölgədə qalıb, yaxşı təbliğ olunmayıb: "Həmin əsərlərin təbliğatı zəifidir. Media, ədəbi tənqidçilər, müəyyən qurumlar bu əsərlərin təbliği ilə məşğul olmalıdırlar".